“Bakının bu rayonlarında qaz olmayacaq”. Payızın ortalarına doğru mətbuatda bu cür başlıqların sayı artır. Bəzi ərazilərdə təmir-tikinti işləri adı altında ümumiyyətlə, qazın verilişi dayandırılır, digər ərazilərdə isə təzyiqin aşağı düşməsi halları müşahidə olunur. Xatırladaq ki, son illər qış fəslində Bakıətrafı qəsəbə və kəndlərdə təbii qazın təzyiqinin aşağı olması halları kütləvi xarakter alıb. Bu hal hələ ki, müşahidə olunmasa, bir sıra ərazilərdə bəzi günlərdə təzyiq aşağı salınır.

Məsələn, ötən mövsümdə ciddi qaz problemi yaşayan Hövsan, Nardaran qəsəbələrinin sakinləri hələ ki, vəziyyətin sabit olduğunu bildirsələr də, Mərdəkan qəsəbəsində, xüsusilə, həftə sonlarında abonentlər qaz təminatının aşağı səviyyədə olduğunu deyirlər.

Onların bildirdiyinə görə, həftəarası günlərdə qazın verilişi ilə bağlı problem olmur. Qaz problemi yaşayan bəzi sakinlər isə hansısa qurumların arasında olan anlaşımazlığın əziyyətini çəkməli olurlar. Məsələn, Badamdar qəsəbəsi Ə.Nəzərov 7b ünvanında neftçilər üçün nəzərdə tutulan binanın qazanxanasına verilən qaz kəsilib. Səbəb də onu göstərirlər ki, “Azərişıq”-ın “Azəriqaz”-a borcu var. Bu iki qurum arasında olan problemə görə qaz sərfiyyatının haqqını ödəyən vətəndaşlar bir həftə əziyyət çəkiblər.

Bakı sakinlərinin qaz problemi, həmçinin texniki nasazlıqlara görə yaranır. Binalarda qazpaylayıcı qurğular sıradan çıxırsa, “Azəriqaz”-ın onu neçə günə aradan qaldıracağı sual altına düşür. Xatırladaq ki, bu problemlə bir qədər əvvəl Səbail rayonu Salyan yolu 22 ünvanında yerləşən jurnalistlərin binasının sakinləri də iki gün ərzində yaşamalı oldular. “Azəriqaz”-ın qaz kəsilmələrinin səbəbi ilə bağlı cavabları isə, adətən, standart olur. Ərazidə təmir işi aparılır, borular dəyişdirilir və s. Əslində səbəbindən asılı olmayaraq qazın kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilməsi müsbət və təhlükəsizlik baxımından lazımlı addımdır. Amma havalar soyuduqca qazın mütəmadi kəsilməsi narahatçılıq yaradır. Haqlı sual yaranır ki, indi belədirsə, soyuq qışda necə olacaq.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi hələ ötən aydan qışa hazırlıq işlərinin tamamlandığını, payız və qış mövsümündə qaz probleminin olmayacağını vəd edirdi. Amma hazırda havalar mülayim keçir. Bu da o dmeəkdir ki, qaza tələbat artmayıb.

Qeyd edək “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin açıqlamasına görə, qaza təlabatın artması da problem yaratmamalıdır. Çünki qaza tələbat artdıqca qurum təzyiqi də artırır. Bəzi ekspertlər isə hesab edir ki, qaz təminatının aşağı səviyyəsidə olması qaz sərfiyyatı ilə bağlı olan maxinasiyalarla əlaqədardır. Qeyd olunur ki, qeydiyyatsız qaz paylama halları mövcuddur. Yeraltı qaz sızmalarının qarşının da vaxtında alınmadığı bildirilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin Dövlət Neft Şirkətinin tərkibində olması doğru deyil. Onun mövqeyinə görə hasilatla tədarükün bir əldə cəmlənməsi problemlərə yol açır.

Xatırlatmaq yerinə düşərdi ki, ölkəmiz qaz ixracatçısıdır və açıqlanan rəsmi məlumatlarda ixrac həcminin mütəmadi artdığı öz əksini tapır. Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycanın hələ də qazlaşdırılmayan əraziləri var. “Azəriqaz” İstehsalat Birliyi rəsmi hesabatlarında ölkənin 95 faiz ərazisinin qazlaşdırıldığı bəyan etsə də, bu inandırıcı görünmür. Ümid edək ki, “Azəriqaz”-ın təmir-tikinti və yeni qaz xətləri çəkmək işləri yaxın zamanlarda yekunlaşacaq. Çünki sinoptiklər bir neçə gündən sonra havaların soyuyacağını proqnozlaşdırırlar.teref.az

Paylaş