Bu günlərdə S. C. Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasında çalışan bir qrup müəllim tərəfindən redaksiyamızın ünvanına müraciət daxil olub. Müraciətdə gimnaziyada baş verən neqativ hallardan gileylənən müəllim heyyəti məsələni hər zaman təhsil sahəsinə həssas münasibət sərgiləyən Manera.az saytı vasitəsiylə ictimailəşdirərək əlaqədar dövlət və hökumət orqanlarından kömək istəyirlər.
Məktubda qeyd olunur ki, müəllim heyyəti indiyə qədər bir çox qurumlara müraciət etsə də, təəssüf ki, bu günə qədər gimnaziydakı neqativ hallar aradan qaldırılmayıb.
Sonda media vasitəsiylə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, Təhsil naziri hörmətli Ceyhun Bayramova müraciət edən müəllimlər məktubda qeyd olunan problemlərlə bağlı məktəbdə araşdırılma aparılması və belə neqativ halların aradan qaldırılması üçün gərəkən addımların atılmasını xahiş edirlər.
Biz də Manera.az olaraq redaksiyamıza ünvanlanan müraciəti olduğu kimi dərc edirik:
***
Hörmətli Cənab Prezident!
Hörmətli Nazir!
Hörmətli sayt rəhbərliyi!
Sizə gimnaziyanın bir qrup müəllimi adından S. C. Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasında yaranmış problemlərimizlə bağlı müraciət edirik. Nəzərinizə çatdırırıq ki, məsələylə bağlı dəfələrlə gimnaziyamızın rəhbəri Xuraman Osmanova müraciət etsək də, müsbət bir nəticə əldə edə bilməmişik. Bu məktub vasitəsiylə çarəsiz qalmış biz müəllimlər Sizdən imdad diləyirik. Ümid yerimiz Sizsiniz!
2016-cı ildə sabiq deputat, adı “Nurçu”luqda (onlara FETO- çu da deyillər) hallanan, Azərbaycanda bu dini cərəyanın aparıcı simalarından biri kimi tanınan Ceyhun Osmanlının anası Xuraman Osmanova S.C.Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasına direktor təyin olundu. Mart ayında Xuraman Osmanova iclas çağırıb bizə məktəbimizin “Olimpiada mərkəzi” olduğu haqqında məlumat verdi. Amma bu barədə Nazirliyin neçə saylı əmri olduğunu açıqlamadı. O göstərdi ki, bundan sonra yeni tədris ilində burada xüsusi istedada malik uşaqlar təhsil alacaqlar və bu səbəbdən də hal-hazırda gimnaziyada işləyən müəllimlər onlara dərs demək qabiliyyətinə malik deyillər (halbuki bizim müəllimlər ali təhsilə, yüksək peşəkarlığa malikdirlər).
Direktor gələn gündən gimnaziyanın müəllim heyyətinə qarşı qərəzli çıxışlar etməyə başladı, müəllimlərin könüllü ərizə yazıb işdən çıxmalarını və ya ərazi məktəblərinə yerləşmələrini təkidlə tələb etdi. Belə ki, direktor bəzi müəllimlərin bezərək işdən çıxmasına, bəzilərinin isə müəllim vəzifəsindən tərbiyəçi və ya digər aşağı işlərə keçməsinə təzyiq və təhdidləriylə nail ola bildi. Direktor əvəzi təyin olunduğu vaxt ibtidai korpusdakı fənn kabinetlərində fəaliyyət göstərən müəllimləri sıxışdıraraq otaqlardan çıxartmış, sonradan həmin kabinetləri kənar şəxslərə kirayəyə verib ödənişlər alırdı. Xuraman xanım bütün müəllim heyyətini şənbə-bazar günləri gimnaziyanın yataqxanasında gecələməyə məcbur edirdi. Hər həftə dəhlizdə divara “smen”də qalacaq müəllimlərin ad – soyadları yazılıb yapışdırılırdı. Bu məsələ müəllimələrin ailələrində ciddi söz-söhbətə, narazılığa səbəb oldu. O ərəfədə Xuraman xanım güya “humanizm” göstərərək belə şərt qoymuşdu ki, əgər yataxnada gecələyə bilmirsinizsə, 20 manat pul ödəyib “canınızı qurtara” bilərsiniz.
Daha sonra direktor təyin olunan Xuraman xanım bu anadək müxtəlif yollarla biz müəllimləri işdən çıxartmaq üçün min cür təzyiq və təhdidlərdən istifadə edir. Belə ki, tez-tez iclas çağıraraq valideynlərin qarşısında müəllimləri pisləyir. Məktəbdə valideynlərin dərs dinləmələrinə şərait yaradır. Bu yaxşı haldır, lakin valideynə dərs dinləmə dəftəri verib, onu təlimatlandıraraq “müəllimlərdə gördüyün nöqsanları qeyd edib mənə ver” deməsi isə bilərəkdən müəllim-valideyn qarşıdurması yaratmaq, müəllim nüfuzunu aşağı salmaqdan başqa bir şey deyildir. Özündən asılı vəziyyətə saldığı valideynləri başına toplayıb, müəllimlərə qarşı yazdırdığı şikayət ərizələri ilə müəllimlərin iş stimullarını aşağı salır, onları işdən çıxartmaq ilə hədələyir. Hətta hər sinifdən fəal, liderlik xüsusiyyətlərinə malik şagirdləri debat adı ilə tez-tez konfrans zalında toplayır, uşaqların dilindən müəllimlərin dərs zamanı davranışları barədə suallar verir, qarşısında açıb qoyduğu jurnalda qeydlər aparır. Direktor məktəbin psixoloqunu məcbur edirdi ki, siniflərdə sorğu aparsın; Hansı müəllimi sevirsiniz? Hansı müəllimin saç düzümünü bəyənirsiniz? Hansı müəllimin geyimini bəyənirsiniz? Və s. kimi təhsilə aidiyyatı olmayan suallarla müəllimlərin reytinqini müəyyən edib, hər müəllimə zərfdə uşaqlar tərəfindən verilən ballar təqdim olunur.
Baxmayaraq ki,Təhsil Nazirliyi bütün müəllimləri Diaqnostik Qiymətləndirmədən keçirib, direktor Xuraman xanım dərs bölgüsü zamanı bu nəticələri heç nəzərə almır. Belə ki, bütün müəllim kollektivini məcburi olaraq, təzyiq və təhdidlərlə özünün təşkil etdiyi imtahanlarda iştirak etməyi tələb edirdi. Amma nəticələr müəllimlərə təqdim olunmadı.
Böyük Summativ Qiymətləndirmə zamanı direktor şagird və müəllim kollektivinə həddən çox stress yaşadır. BSQ-in keçirilməsindən ötrü gimnaziyaya ASAN xidmətin işçilərinin gəldiyini söyləyir. İmtahanlar zamanı isə otaqlarda nəzarət edən müəllimlərlə yanaşı, Odlar Yurdu Universitetinin I kurs tələbələrini də göndərir ki, onlar biz müəllimlərə nəzarət etsinlər. (Qeyd edək ki, Xuraman Osmanovanın oğlu Ceyhun Osmanlı Odlar Yurdu Universitetinin Beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektorudur). Sizcə neçə ilin müəllimlərinə keçən il abituriyent olmuş I kurs tələbəsinin nəzarət etməsi nə dərəcədə doğrudur?..
Direktor Xuraman Osmanovanın tapşırığı ilə BSQ zamanı az yaşlı məktəblilər öz cavablarını xüsusilə imtahandan ötrü gətizdirilən və bundan ötrü kulli miqdarda pul xərcləndiyi vurğulanan qırmızı cavab kartlarında qeyd etməlidirlər. Sonradan bütün cavab kartları aparatla yoxlanışa göndərilir. Bu isə kütləvi surətdə şagirdlərin cavabları çaş-baş hala salır, sürüşdürmələri ilə nəticələnir. Bu metodun yararsız olmasını direktora bildirmişik. Bu barədə danışanda isə Xuraman xanım heç kimi dinləmək istəmir. Dəfələrlə cavabların saxtalaşdırılması faktları ilə rastlaşmışıq, amma bunu direktora sübut edə bilməmişik.
Direktor dövlət müəssisəsi olan gimnaziyada müxtəlif fənn üzrə pullu kurslar yaradır ki, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Məktəbdə dərslik satışı qadağan olduğu halda, direktor “Spotlight” adlı İngilis dili dərsliyinin bir ədədini 23 manata şagirdlərə məcburi şəkildə satışını təşkil etmişdi.
Bu ilin 17 sentyabrda yeni tədris ili başlayanda bütün digər məktəblərdə dərs bölgüsü çoxdan tam şəffaf şəkildə bölünsə də, bizim gimnaziyada bu məsələ natamam şəkildə qaldı. Bu il fəalliyyət göstərəcək siniflərin sayı sirr olaraq saxlanılmış və dərs bölgüsü MİQ-in qanunlarına zidd olaraq aparıldı.
Belə ki, gimnaziyamızda təxminən 16 nəfər İngilis dili pedaqoqu çalışır. Və heç birinin 1 “stavka”, yəni 18 saat dərs yükü yoxdur. Halbuki əvvəllər gimnaziyada 42 sinif mövcud idi və hər biri müəllimin 20-28 saat dərsi olurdu. Sonradan biz öyrəndik ki, gimnaziyada 43 sinif fəaliyyət göstərir. Amma bunun bəzi müəllimlərin dərs yükünə heç bir müsbət təsirini yoxdur. Oktyabr ayında gimnaziyamızın əmək müqaviləli, ştatlı işçilərini 1 stavka ilə təmin etməmiş, 2 nəfər yeni müəllimin işə qəbul olunmasını şahid olduq. Belə ki, yeni gələn müəllimlərin hər biri 18 saat dərs yükü ilə təmin olundu.
Müəllimlərimiz dəfələrlə direktorun qəbuluna getmiş və “stavka”sının tamamlanması üçün dərs saatı istəmişlər. Amma Xuraman xanım açılan siniflərin “İstək” liseyinin uşaqları olduğunu və onlara dərs deyəcək müəllimlərin valideynlərin tələbi ilə məhz “İstək” liseyində dərs deyən müəllimlər (FƏTÖ-çular) olmalıdır dedi. Təəssüf ki, direktor hal–hazırda gimnaziyamızda xeyli sayda FƏTÖ-çu müəllimlərin fəaliyyət göstərməsinə nail olub.
Direktor Xuraman Osmanovaya yeni açılan bu siniflərdə dərs demək istəyimizi bildirdikdə O bu siniflərdə məhz Təhsil Nazirliyinin tələbi ilə MİQ-dən keçmiş müəllimlər işləyə biləcəyini bildirir. Baxmayaraq ki, gimnaziyamızın müəllimləri də ali təhsilli, dövlət universitetlərində və özəl məktəblərdə çalışmış, müxtəlif kurs və seminarlardan keçib, yerli və beynəlxalq sertifikatları olan, Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi imtahanından uğurla keçmiş savadlı kadrlarıdır.
Amma indi məlum olur ki, heç o uşaqlar “İstək” liseyinin şagirdləri də deyil. 6f sinfi “İstək” liseyinin şagirdlərini sinfi kimi açılsa da, orda bir nəfər də “İstək” liseyinin şagirdi yoxdur. Və bu sinfin açılmağı da qeyri-qanunidir. İşə götürülən yeni müəllimlər MİQ imtahanında iştirak etmiş, lakin lazım olan balı toplamamışlar. Buna baxmayaraq, direktor məhz o müəllimləri gimnaziyada işə götürüb. Biz də bu məsələnin də araşdırılmağını istəyirik!
Nəzərinizə çatdırırıq ki, gimnaziyada 15, 12, 9 saat dərs deyən müəllimlərin aldıqları maaş onların heç sosial təminatlarına belə yetmir.
Gimnaziyanın binası yeni təmirdən çıxıb, çoxlu sayda sinif otaqları olduğu halda biz müəllimlər direktorun icazəsi olmadan bu siniflərdən istifadə edə bilmirik. Hər dərsin əvvəli 10-15 dəqiqə hansı otaqda dərs keçmək problemi ilə üz-üzə qalırıq. Bu gün dərs keçdiyimiz otaq səhəri gün açarla bağlanır. Boş otaq tapmaqdan ötrü direktor müavininə zəng edirik, o gəlib sinfi açır və biz otağa dərs keçməyə daxil oluruq. Hər dərs zamanı bu problemə görə vaxtımız itkiyə gedir. Direktor Xuraman xanım isə bu problemin də həll olunmasını istəmir. Məsələn, məktəbdə sırf İngilis dili kabinetləri kimi fəaliyyət göstərən məkanımız yoxdur. Müəllimlər məktəbə gətirib, apara bilmədikləri üçün əyani vəsaitləri, lüğətləri öz evlərində saxlayırlar. Dərslərdə istifadə etmək üçün monitor, proyektor, noutbuk, səs gücləndirici tapa bilmirik. Gimnaziyanın köhnə kollektivi ilə yeni götürülmüş işçilər arasında ayrı seçkilik duyulur. Bir qrup müəllimə dərs demək üçün bütün lazımi şərait yaradılıb ki, bunlar da otaqlara görə müəyyən ödəniş edən müəllimlərdir.
Müəllimlərimiz təzyiq altındadır. Neçə illik kolleqalarımız gözlərimizin önündə hüquqları pozulur, bunlar heç də xoş mənzərə deyil, bizim üçün. Direktor gimnaziyanı öz şəxsi mülkü kimi idarə edir.
Məktəbdə müəllim masasına həsrət qalmışıq. Əllərimizdə kitab dolu çantalar, qollarımızda üst geyimimiz, dəhlizlərdə narahat vəziyyətdə dərs deməyə otaq axtarırıq. Müəllimlərin əvvəlki kabinetləri əllərindən alınaraq, sanki bilərəkdən narahat vəziyyətdə işləmək məcburiyyətində buraxırlır.
Başqa bir fakt; Bir “stavka” dərs yükü ilə təmin olunmamış müəllimlərimiz məcbur olub, uşaqlara əlavə hazırlıq keçirsə, hər tələbəyə görə direktora 10 manat ödəniş etməlidir. Direktor bu ödənişi Kapital bankda açılmış xüsusi hesaba, əlavə “vergi ödənişi” kimi ödəməyi təklif edib. Amma bu ödəniş sizə sərf etməzsə, elə məktəbdə fəaliyyət göstərən VMA-ya (Valideyn Məktəb Asossassiyasına) ödəyə bilərsiz deyir. Müəllimlər bu şərtlərlə razılaşmaq məcburiyyətindədir. Əks halda, müəllim dərsdən sonra əlavə məşğələ keçmək üçün boş otaqla təmin olunmur. Bizə maraqlıdır ki, edilən bu ödənişlər məktəbdə hara sərf olunur? Gimnaziyamız hal-hazırda dövlətimiz tərəfindən yüksək səviyyədə təmir də olunub.
Bu ildən gimnaziyamızda Rus dili və İngilis dili ilə yanaşı 5-ci siniflərə Alman və Fransız dilləri də tədris olunmağa başlanıb. Biz müəllimlər bu saatların araşdırılmasını sizdən xahiş edirik. Bu saatlar qanuni dərs saatlarıdır, yoxsa bizim ingilis dili fakultativlərinin hesabınadır?!..
Eyni problem Texnologiya fənninə aid saatlarda da mövcuddur. Belə ki, 5-6-cı siniflərdə Texnologiya fənni tədrisdən götürülmüş, dərsliyi olmayan Etika fənni tədris olunur. Hansı ki, Etika fənni başqa heç bir məktəbdə tədris olunmur. Direktor bu fənni tədris etmək üçün öz yaxın rəfiqəsini işlə təmin edib. Bildiyimiz qədər direktor Texnologiya fənnini bütövlükdə tədrisdən kənarlaşdırmaq istəyir.
Jurnallara və qayıblara nəzarət və onların arxasında qeydlər aparılması direktor müavinlərinin vəzifəsi olduğu halda, bizim gimnaziyada bu iş birbaşa qeyri-qanuni işə götürülən, direktorun yaxın rəfiqəsi olan,VMA-dan əmək haqqı alan, əvvəllər rayonda direktor işləmiş, təqaüdçü, 67 yaşlı Muradova Nəcibəyə həvalə olunub. Kurrikulum təhsil sistemindən anlayışı olmayan bu insana gəldiyi ilk gündən dərs yükü və əlavə uşaq hazırlığı üçün otaq verilmişdir. Əgər N. Muradova gimnaziyada qanuni yolla işə götürülübsə, o zaman niyə hər dəfə məktəbimizə yoxlama gələndə “qapını örtün, məni görməsinlər” deyir?!..
Nəcibə xanım işə texniki işçi kimi qeydə alınsa da, o hazırda direktor müavini vəzifəsini icra edir. Gimnaziyada məktəb jurnalında hər hansı bir nöqsan aşkar edildiyi zaman problemi ortadan götürmək üçün sinif rəhbərləri jurnalları mətbəəyə aparmağa və öz hesablarına ödəniş edib, vərəqlərini təzələməyə məcbur edilir.
Eyni zamanda N. Muradovanın gimnaziyada başqa bir funksiyası məktəbə yenicə qəbul olunmuş şagirdlərdən VMA-nın aylıq, deyil birbaşa illik pulunun yığılmasıdır.
Xuraman xanım məktəbə gəldiyi gündən Valideyn Məktəb Asosassiyası – “VMA” fəaliyyətə başladı. Baxmayaraq ki, bu birliyin adı Valideyn Müəllim Assosiasiyasıdır, amma direktor Xuraman xanım bundan da öz mənafeyi üçün istifadə edib adını Valideyn Məktəb Assosiasiyası qoymuşdur. Assosasiya müəllimlərlə valideynlər arasında valideyn-müəllim-şagird münasibətləri yaratmaq əvəzinə, qeyri-qanuni işlərlə məşğul olur. VMA-ya üzv olmaq üçün valideynlərlə müqavilələr bağlanmış, hazırda hər bir uşağa görə aya 10 manat üzvlük haqqı yığılır. Nəzərə alsaq ki, gimnaziyada bir ailədən 2-3 uşaq təhsil alır, bu bəzi valideynlər arasında narazılığa səbəb olur. Müxtəlif ideyalar irəli sürülür (məsələn, şagirdlər üçün istirahət guşəsi yaratmaq, yumşaq, rəngli oturacaqlar almaq və s. ). Valideynləri dildə könüllü iştiraka dəvət olunsalar da, votsap qruplarındakı danışıqlarla kütləvi pul yığımı həyata keçirilir.
Yığılan pulların cüzi bir hissəsi ilə gözdən pərdə asmaq üçün yarımildə bir dəfə aşağı sinif uşaqları ekskursiyalara aparılır. Məbləğin qalan hissəsi isə direktorun komandasının şəxsi mənafeyi üçün istifadə olunur. Biz müəllimlər üçün o VMA-dan nə bir marker, nə silgi, nə flipçart, nə də vərəqlər alınmır.
Məktəbimizdə çalışan xadimələr istifadə etdikləri süpürgə, xlor, təmizlik üçün nəzərdə tutulan əskilər, şüşə təmizləyən vasitələr, pol taxtaları, vedrələr və s. ləvazimatları öz şəxsi büdcələri ilə alırlar. Gimnaziya bütün ləvazimatlarla təmin olunsa da, xadimələrə verilmir, onlara hədə-qorxu gəlinir, ləvazimatlar özlərinə aldırılır.
Yeni təmir olunmuş siniflərə internet şəbəkəsi çəkilsə də biz müəllimlər normal çalışan, problemsiz noutbuklarla, internet kabelləri ilə, səs gücləndiriciləri ilə təmin olunmamışıq. Dəfələrlə təsərrüfat işləri üzrə direktor müavini Vüqar müəllimə müraciət etsək də, problem həllini tapmıyıb.
Bizdə olan məlumata görə, gimnaziyamızda xeyli sayda qeyri-qanuni yolla qəbul olunmuş işçi var. Daxili əmrlə 30-a yaxın insan gimnaziyaya işə götürüb ki, onların əmək haqqları məktəbdə yaradılan VMA (Valideyn Məktəb Asossiasiyasi) tərəfində ödənilir.
Bu il işə götürüləndən Musa Kərimov, Elnur Əzizov, Ayaz Babayev, Pərvin Məmmədova, Babaşov Umid aktiv FƏTO-çulardandır. Cəmilə Allahverdiyevanı isə direktor əvvəlcə valantyor kimi təqdim etmişdi, sonradan direktor müavini vəzifəsinə təyin etdi. Adı çəkilənlərdən Umid Babaşovu xüsusi ilə qeyd etmək istəyirik. Onun haqqında mətbuatda ətraflı məlumat yazılıb. Belə ki, Xətai rayonunda yerləşən Heydər Əliyev adına Liseydə direktor əvəzi işləyərkən eynilə Xuraman xanımın yürütdüyü siyasəti orada həyata keçirirmiş. İstedadlı uşaqlar üçün olimpiada mərkəzi yaratmaq istəyi, sinif otaqlarının kirayəyə verilməsi və s. kimi özbaşınalıqlar. Onun məkirli fikirlərini anlayan, Nurçuluq ideyalarını yaydığını görən kollektiv üzləri bu insanın oradan uzaqlaşdırılmasına nail ola biliblər. Biz bu faktın da araşdırılmasını istəyirik!
Xuraman xanımın tapşırığı ilə Musa Kərimov yataqxanada qalan uşaqların valideynlərindən aya 30 AZN pul yığır. Bu pulu axşamlar meyvə və digər yiyəcək şeylər üçün yığıldığını söyləyirlər. Aldığımız məlumata görə, yataqxanaya FƏTÖ-çu könüllülər dəvət olunur və şagirdlərlə dini mövzuda debatlar, söhbətlər aparırlar.
Biz gimnaziyamızın aqibətindən nigaran qalmış müəllim kollektivi olaraq, həyəcan təbili çalırıq.
Cənab Prezidentimiz,
Hörmətli Nazirimiz!
Bizim problemlərimizlə maraqlanmağınızı, gimnaziyada baş verən belə neqativ halların aradan qaldırılması məqsədiylə məktəbimizə yoxlama heyyəti göndərməyinizi Sizdən çox xahiş edirik!
REDAKSİYADAN: Hörmətli oxucular, nəzərinizə çatdırırıq ki, əməkdaşımız S. C. Pişəvəri adına Respublika Humanitar Fənnlər Gimnaziyasının rəhbərliyinin də sadalananlarla bağlı mövqeyini öyrənməyə çalışıb. Gimnaziyadan bildirilib ki, direktor hazırda məzuniyyətdədir. Direktor müavini Cəmilə Allahverdiyeva əməkdaşımızla söhbəti zamanı bildirib ki, müraciətdə qeyd olunan neqativ hallar gimnaziyada mövcud deyil, deyilənlər reallığı əks etdirmir.
Daha sonra redaksiyamızla əlaqə saxlayan direktor Xuraman Osmanova səhhəti ilə əlaqədar qısa açıqlama verərək, haqqında müəllim heyyətinin söylədiklərinin şər-böhtan olduğunu bildirib, gimnaziyada atılan addımların, verilən qərarların qanundan kənar olmadığını deyib. Gimnaziyada görülən işlər haqda daha sonra sayta geniş açıqlama verəcəyini bildirən direktorun mövqeyini də dərc etməyə hazırıq.
P.S. Məktubda sadalanan fikirlərə görə sayt məsuliyyət daşımır.MANERA.AZ