Abşeronun icra başçısı İradə Gülməmmədova özünü dövlətin banisi, müstəqilliyin lideri, siyasi xadim kimi aparır. Belə düşünməsəydi, özünün şəkli olan məktəbli kitabçalarını təhsil ocaqlarına paylamazdı.

Cahan.info-nun verdiyi məlumata görə, İ.Gülməmmədovanın bu hərəkəti yuxarıların nəzərinə çatıb. Sadəcə, gizlətməyə çalışıblar. Çünki vəzifəsi ilə vidalaşa bilərdi.

Məktəb dərsliklərində, jurnallarda Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin şəkilləri olur. İ.Gülməmmədova özünü onlarla eyni ranqda görür.

Ona izah edən olmayıb ki, İradə xanım, siz dövlət rəhbərliyində təmsil olunmursunuz, Azərbaycan tarixində adını keçmir, məktəblilər onlara paylanan kitabçaları açanda niyə sizin şəklinizi görməlidirlər?

Doğurdan bu əda, bu özünəvurğunluq nədir belə? İ.Gülməmmədova bəlkə Azərbaycanın görkəmli alimidir, yaxud akademikdir, bilmirik…

Fotolardan aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib.

Bu cür gündəliklər rayonun digər məktəblərində də şagirdlərə verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə məsələyə münasibət bildirilməyib. Nə bildirilsin axı?!

Desinlər ki, səhvən olub? Desinlər ki, kiminsə özfəaliyyətidir? Axı bu kimin nəyinə lazımdır. Sözsüz ki, Abşeron RİH başçısı, el arasında “kraliça”, “imperatriça” adları qazanmış İradə Gülməmmədovanın tapşırığı əsasında hazırlanıb.

Ümumiyyətlə, məktəbli kitabçasında Novruz şənliyi ilə bağlı Abşeron RİH-nin tədbiri niyə işıqlandırılmalıdır?

Nə üçün şagird icra başçısının bu bayramda iştirakını bilməlidir? Bunun təhsilə, tədrisə nə aidiyyatı var? Əlbəttə, RİH da cavab tapa bilmir və susur.
Bəzi kitablarda Azərbaycanın I vitse-prezidenti Mehiban xanım Əliyevanın fotoları olur. İradə Gülməmmədova isə özünü görkəmli ixtimai-siyasi xadim hesab edir.

Yaxşı olar ki, xeyirxah bir əməllə məşğul olsun, Abşeron sakinlərinin problemlərini həll eləsin, Xırdalan yollarını heç olmasa düzəltsin, sonra məktəbli kitabçalarına fotolarını vurar.

İ.Gülməmmədova isə Mehriban xanımın yolunu getmir, onun kimi kimsəsizlərə, çarəsiz vətəndaşlara əl tutmur, Abşeron sakinlərinə “qan uddurmaq”la ad çıxarır. Ən azından internetdə onun adını axtarış verəndə müsbət məlumata rast gəlmək olmur.

Cahan.info-nun verdiyi məlumata görə, Qarabağ əlilinin evini yandırması, osnra onu sakitləşdirib mediaya qarşı danışmağa məcbur edilməsi unudulmayıb.

İxtisasca pediatr olan, 1995-2006-cı illərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim işləmiş G.Məmmədova başçı kimi rayonun problemlərini “müalicə” edə bilmədi, daha doğrusu etmədi…

Sözü uzatmadan faktlara nəzər yetirək: Abşeronun Xırdalan şəhəri Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər…

Sakinlər deyirlər ki, onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər.

Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Başçının Elmir, Fuad və digər bu kimi şəxslərdən ibarət evyıxan dəstəsinə “dur” deyən yoxdur.

Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır. Abşeron rayonu ərazisində İ.Gülməmmədovanın biznesin müxtəlif sahələrinə aid çoxlu obyektləri var.

Bunlardan ən məşhurları isə Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Abşeron sakinlərinin bildirdiyinə görə, bu obyektlərdə qiymətlər daha yüksək olması ilə diqqəti çəkir.

Müştərilər nəyəsə etiraz edən də isə işçilər “Bura İradə xanımın obyektidir, heç kim bizə gözün üstə qaşın var deyə biməz” deyərək onlarla kobud davranırlar.

Qeyd olunur ki, İ.Gülməmmədova “Titanik”in “sükanı”nı isə İlham adlı qardaşına tapşırıb. Bu şəxsin adı isə bir sıra qalmaqallada çəkilir. Bu mövzuya bir başqa yazıda toxunacağıq.

Bildirilir ki, Abşeron rayonundakı bütün təndirxanaların demək olar ki, İ.Gülməmmədovaya məxsusdur. Böyük qazanc gətirən bu təndirxanalar xüsusən də yay aylarında İ.Gülməmmədovaya yüz minlərlə manat qazandırır.

Mediada yer alan məlumatlarda digər biznes obyektlərinin də adı çəkilir: “Bunlardan ən məşhurları Xırdalan şəhərindəki “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir.

Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir.

İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib.

Xırdalanda, Fatmayıda, Novxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur. Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib”.

Paylaş