Xeyli müddətdir ki, distant təhsillə bağlı məsələ həllini tapmır. 

2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda təhsil alma formalarından biri də distant təhsildir. Xatırladaq ki, 2012-ci ildə təhsil naziri olan Misir Mərdanov mətbuata açıqlama verərkən qiyabi təhsilin qısa zamanda ləğv ediləcəyini və ölkədəki bütün ali məktəblərdə distant (məsafədən) təhsil tətbiq olunacağını bildirmişdi. Bunun ardınca isə o zaman Təhsil Nazirliyinin ali və orta ixtisas şöbəsinin müdir müavini olan Zinyət Abdullayeva yeniliyin heç bir universitetdə tətbiq edilmədiyini diqqətə çatdırmışdı. Lakin bu açıqlamalardan illər keçməsinə , hətta 2 təhsil naziri dəyişməsinə baxmayaraq, nə distant təhsil tətbiq edilib, nə qiyabi təhsil ləğv olunub. 

“Təhsil haqqında” Qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması mövcuddur. Bunlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır. Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir və dünyada geniş tətbiq olunur. Distant təhsil müəyyən səbəblərə görə təhsil almaq imkanı olmayan şəxslərə təhsil imkanı yaradır. Bu təhsilin tətbiqi üçün təhsil müəssislərinin internetə çıxışı təmin edilməli, hər bir təhsil alanın evində müvafiq şərait olmalıdır. Distant təhsilin Azərbaycanda tətbiq edilməməsi problem olduğu kimi, ikinci bir problem də xaricdə bu təhsili alan məzunların diplomunun Azərbaycanda tanınmamasıdır. Aidiyyati qurumlar məsələyə aydınlıq gətirmək üçün mətbuata danışarkən dəfələrlə Azərbaycanda distant təhsilin mexanizminin işlənib hazırlanmadığını, buna görə də onun təhsil forması kimi qəbul edilmədiyini bildiriblər. Distant təhsilin tətbiqi ilə eyni zamanda ölkədən axan milyonların qarşısını almaq, təhsil biznesi də qurmaq olar. Belə olan halda distant təhsillə bağlı problemin indiyə qədər niyə həll edilmədiyi maraq doğurur.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ifrastrukturda heç bir problem yoxdur. Bu təhsilin tətbiq edilməmə səbəbi nəzarət mexanizminin mövcud olmaması ilə bağlıdır:

“Hazırda ölkədə istər hüquqi bazada, istər infrastrukturun qurulması ilə bağlı böyük işlər görülür. Lakin təəssüf ki, distant təhsilin tətbiqi mümkün olmur. Hətta bizim vətəndaşlar xarici universitetlərdə distant təhsil aldıqda onların diplomunun burada tanınmasında problem var. Distant təhsil zamanın tələbidir. Təhsil Nazirliyi distant təhsilin tətbiqi ilə bağlı konkret olaraq tədbirlər görməli, plan hazırlanmalıdır. Təhsil Nazirliyi isə buna hazır deyil. Halbuki bununla bağlı maddi-texniki baza da, infrastruktur da mövcuddur. Biz sadəcə, distant təhsilin tətbiqinə özümüzü hazır hiss etmirik. Düşünürəm ki, artıq zamanın tələbindən geri qala bilməyəcəyik. Bir müddət sonra bu, təhsil alma forması kimi tətbiq olunacaq. Mən təhsil mütəxəssisi kimi distant təhsilin tətbiqinə mane olacaq hər hansı bir şey görmürəm. Sadəcə, Təhsil Nazirliyinin distant təhsilə nəzarət mexanizmi yoxdur. 5-6 mindən çox xarici tələbəmiz var, onların əksəriyyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır və məcbur olub əyani oxuyurlar. Nə vaxt ki, Təhsil Nazirliyində təhsillə əlaqəsi olan şəxslər işləyəcək, distant təhsil o zaman tətbiq ediləcək. Bu gün bizim təhsildə əsas məqsəd sahibkarlıq fəaliyyətini təhsilə gətirməkdir”. 

Səyad Həsənli
Cebhe.info

Paylaş