İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayevin himayə etdiyi şirkətlərin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına xaricdə şirkətlər açdığı iddia olunur.
Bu barədə aztoday.az məlumat yayıb.
Sayt yazır ki, bu şirkətlər əsasən Abdullayevin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövrdə yaranıb. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov Birləşmiş Ərəb Əmirliklərində “Al Faydah Foodstuf Trading” LLC adlı şirkət açıb.
Şirkətin Dubayda böyük soyuducu sistemi qurduğu bildirilir.
“”D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini “PaşaBank”dan kredit kimi götürüb. Bu kreditlərin təyinatı üzrə xərclənməsinə birbaşa məsul olan qurum da məhz “PaşaBank”dır”, – məlumatda qeyd olunur.
Məlumatda qeyd olunur ki, “PaşaBank”ın rəhbər şəxslərindən biri də Dəmirov qardaşlarının kredit öhdəliklərinə əməl etməməsinə göz yumur: “Şirzad Abdullayevin himayə etdiyi şirkətlərin ölkə daxilindəki borc və kredit öhdəliklərini yerinə yetirməməsi, işçilərin əmək haqqısını vaxtlı-vaxtında verməməsi ilə bağlı şikayətlərdə bildirilir ki, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan Dəmirov (İsaməddin, Dəmir və Əmir) qardaşlarının “Gilan” Holdinqə də borcu var”.
Həmçinin bildirilir ki, sözügedən şirkətlərin sosial ödəmələri də şəffaf deyil: “İşçilərin sayı və maaşların məbləği rəsmi qurumlara minimum həddə göstərilir. Hansı ki Dəmirovlar qardaşlarının idarə etdiyi şirkətlərin real maliyyə vəziyyəti bütün borc öhdəliklərini vaxtında ödəməyə imkan verir. Onlar isə Azərbaycanda qazandığı vəsaitləri ölkədən çıxarmaqdadır”.///Mənbə: aztoday.az