Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxt küçələrində dayanma-durma qadağasını günbəgün genişləndirməsi sürücülərin narazılığını artırmaqda davam edir. Hətta, bəzi sürücülər artıq Dövlət Yol Polisini (DYP) “hardasan, ay Məşədi Kazım” nisgili ilə axtarırlar.

AYNA sözügedən məsələ ilə əlaqədar sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Əhatəli cavabları təqdim edirik:

Nahid Əliyev: “Dayanma-durmanı qadağan edən nişanların əksəriyyəti o zaman Dövlət Yol Polisi tərəfindən qoyulub. Onu araşdırmaq lazımdır ki, bu və digər nişanların aktları varmı? Çünki Bakıda quraşdırılan nişanların çoxunun razılıq sənədi yoxdur. Digər yandan, dayanma-durma qaydalarının pozulması mənim kimi minlərlə piyadanın hüquqlarının pozulması deməkdir. Lakin zamanında DYP bu nişanın tələbinə əməl etməyənlərə cərimə yazmayıb. Ona görə bu nişan hörmətsiz nişan olaraq tanınır”.

Tamerlan Cəfərov: “Ümumi olaraq düz tətbiq edilir, amma bir az dərinə getsək, görürük ki, çoxunun dövlət standartı yoxdur, yaxud qüsurlar var. Ən çox gözə çarpan isə 1.1 xəttinin hələ də 1.4 ilə əvəz olunmasıdır”.

Tural Ağatlı: “Bu BNA ki, var, bunlar artıq DYP-nin 7 arxadan dönənlərinə rəhmət oxudurlar. Əməkdaşlarının hərəsinin qoltuğuna bir “dayan-durma qadağandır” nişanı veriblər ki, harda boş yer gördünüz, mıxçanızı basdırın ora. Üzünü sağa çevirirsən, sola qaytaranda bir qadağa nişanı görürsən. Qısası: BNA paytaxtın dörd-bir yanında pullu dayanacaqlar işlədir – yarım saatı 20 manat. Yetim “parkovşiklər” qəpik-quruş alırdılar…”

Yaşar Vəliyev: “Bizim ölkədə heç bir sistem düzgün işləmir. Şəhərin hər tərəfinə dayanmaq qadağandır nişanı qoyulub. Aptekin qarşısında 3-5 dəqiqə saxlayıb dərman almaq istəyənə cərimə tətbiq olunur. Bir sürücü avtomobilini saxlayıb sərnişin düşürür və 20 manat məbləğində cərimə olunur. Bu, nə qədər ədalətlidir? Əvvəla qurum düzgün işləsə, şəhərdəki bütün apteklərin qarşısında dayanmağa icazə verməlidir. Təsəvvür edin, mən “Beşmərtəbə”nin qabağında aptekdən dərman almaq üçün köhnə “Basin” küçəsini 2 dövrə fırlanıb, “podval”da maşını saxlayıb, sonra gedib aptekdən dərman alıb, təzədən “podvala” düşüb, yenə küçəni 2 dövrə vurub qayıtmaqdansa, Əhmədlidən piyada gəlib “Nizami” metrostansiyasının yanındakı aptekdən dərman alıb geri dönərəm. Doğrusu, BNA keçmiş Nəqliyyat Nazirliyindən heç də geri qalmır, hətta 1-2 ilə onu keçəcək”.

Bəkir Osmanoviç: “AMAY-ın qarşısında olan avtomobil dayanacağı qanunidir? Bu həftə iki dəfə orada avtomobilimi park etmişəm, amma axşam mesaj gəlib ki, dayanma nişanına görə cərimələnmişəm. Bu arada, şəkillər telefonla çəkilir, nəzarət kamerası ilə deyil”.

Naib Hacıyev: “Bakı Nəqliyyat Agentliyi sürücülərə bir ünvan desin, işimizi bilək. Belə getsə, biz sürücülər də Agentliyin işçilərinin avtomobillərini düzgün park etmədikləri yerdə çəkib göndərməli olacağıq. Onlar da cərimələnsinlər. Agentliyin işçiləri ancaq cərimələməklə məşğuldurlar, bəs onların özlərini kim cərimələyəcək?!”

Əzizə İsmayılova: “BNA nişan quraşdırmayıb, axı. Hələ ki, cərimə yazmaqla məşğuldur. O da hər yerdə olduğuna inanmıram. Çünki, “Qoşa qala qapısı”nın qarşısında, düz qadağan nişanının altında iki sıra maşınlar dayanır, özü də “stoyanşik”lə birgə. Nişanı göstərəndə, deyir: “Mən cavabdehəm, saxla”. BNA maşınları sağa da şütüyür, sola da. Azadlıq prospektində 2 polis bölməsi var. Nişanların altında şöbə əməkdaşları çox rahatlıqla avtomobillərini saxlayırlar. Ümumilikdə, şəhərin nişanlanması bərbad gündədir. BNA cərimə yazmaqla bərabər, harada ki, saxlamaqdan başqa çarə yoxdur, o nişanları oradan götürməlidir”.

Elyar Həsənov: “Problemin həlli üçün:

1. Baki şəhərinin parkinq potensialından maksimum istifadə edilməlidir;

2. Ümumi istifadədə olan küçələrdə parkinq xidmət haqqı tənzimlənməlidir (tənzimlənmir). Qanunsuz pul yığanlarla ciddi mübarizə aparılmalıdır;

3. Küçəni atasının həyəti hesab edib, öz kefi ilə avtomobili saxlayanlarla ciddi mübarizə aparılmalıdır”.teref.az

Paylaş