SOCAR-ın Sərmayələr İdarəsinin rəisi, “SOCAR-Türkiyə”nin İdarə Heyətinin sədri Vaqif Əliyevin korrupsiya və talan əməlləri haqda yazmışıq. Vəziyyət o həddə çatıb ki, Vaqif Əliyevin öz kurasiyasında olan şirkətlərə yerləşdirdiyi qohumları milyonluq dələduzluq əməlləri ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb. Cinayət işi V.Əliyevin baldızının oğlu, O, 05.06.2017-ci il tarixdən 24.06.2019-cu il tarixədək “Azfen” Birgə Müəssisəsinin “Azf-099” layihəsinin texniki ofis mühəndisi vəzifəsində işləyən Qarayev Nicat Maarif oğlu barədədir. Xatırladaq ki, N.Qarayev qeyd edilən vəzifədə işləyərkən onlarla şəxsdən 4 milyondan çox pul alaraq geri qaytarmayıb. O, bu əməllərə yol verərkən yaxın qohumu Vaqif Əliyevin və onun oğlu Orxan Əliyevin (N.Qarayevin xalası oğlu-red.) dəstəyilə “iş görüb” pul qazandığını dəfələrlə qeyd edib, üstəlik, bu iddiasını isbat edən hərəkətlər edib. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində aparılan istintaq zamanı V.Əliyev və oğlu O.Əliyev də dindirilib.
Ötən yazılarımızda Azərbaycanda V.Əliyevə məxsus olan bəzi şirkətlər və onların əhatə etdiyi işlər haqqında da yazmışıq. Araşdırmalar zamanı məlum olur ki, idarə rəisinin ailə üzvlərinin, yaxın qohumlarının adına olan şirkətlər “Azfen” BM və SOCAR tərəfindən, eyni zamanda enerji sahəsində reallaşdırılan bir çox layihələrdə nəqliyyat xidmətindən tutmuş təchizata qədər müxtəlif işləri həyata keçiriblər. Həm də o şirkətlərin bu işləri hansı tenderlər hesabına qazandığı böyük sual altındadır. Təsadüfi deyildi ki, bir müddət əvvəl V.Əliyevin oğluna məxsus 28 milyon dollar İsveçrə banklarında bloklandı. Həmin zamanlarda bir idarə rəisində bu qədər pulun haradan olması ilə bağlı suallar ortaya çıxsa da, artıq həmin pulların mənbəsi bəllidir: korrupsiya!
V.Əliyevin Sərmayələr İdarəsindəki yarıtmaz və talançı fəaliyyəti təəssüf ki, “SOCAR-Türkiyə”də də özünü göstərib. Şirkətə rəhbərlik etdiyi dönəmdə müxtəlif qalmaqallarda adı hallanan İH sədri hər dəfə “sudan quru” çıxmağı bacarıb. Adı hətta FETÖ işində belə hallanan V.Əliyevi hansı güclü əlin qoruduğu haqda təbii ki, suallar var. Qeyd edək ki, 2016-cı ildə “SOCAR-Türkiyə”də FETÖ-nün necə kök saldığına dair Türkiyə mətbuatında gedən məlumatlardan aydın olurdu ki, qardaş ölkə hüquq-mühafizə orqanlarının araşdırmaları şirkətdə çox mühüm vəzifələr tutan şəxslərin Fətullah Gülənin adamı olduğunu üzə çıxarıb. Bunlar V.Əliyevin müavini Samir Kərimli, İctimaiyyətlə əlaqələr direktoru Ömər Adsız, baş hüquq müşaviri Fateh Yigit, insan resursları üzrə direktor İlqar Mehmetoğlu, nəhayət, maliyyə qrupunun rəhbəri Berkan Atəşdir. Sonuncu – Berkan Atəş – birja fırıldaqçılığı sahəsində “ad-san” qazanmış şəxslərdən biri olub və onun bu vəzifəyə niyə gətirilməsi zamanında Türkiyə mətbuatında geniş müzakirə edilib. O, “SOCAR Türkiyə”dəki mühüm vəizfəyə gələnədək bir neçə dəfə birja fırıldaqçılığı ittihamı ilə Türkiyə polisi tərəfindən saxlanıb, birja əməiyyatlarında iştirakı dəfələrlə qadağan olunub. Nəhayət, 2016- cı ildə Gülən təşkilatının üzvü olduğu iddiaları gündəmə gəlib, bundan sonra vəzifəsindən istefa verib.
“Bu qərarların arxasında çox böyük vəsaitlərin mənimsənilməsi mexanizmi dayana bilər”
Bütün bunlardan, çox ciddi maxinasiyalara yol verməsindən sonra da V.Əliyevin hələ də hər iki vəzifədə təmsil olunması absurddur. “SOCAR-Türkiyə”nin fəaliyyətini şərh edən ekspertlər də durumun ürəkaçan olmadığını deyirlər. Şirkətin öz yatırımlarında nəyə əsaslandığını deməyə çətinlik çəkən iqtisadçılar ortada hansısa başqa məqsədlərin olması ehtimalını inkar etmirlər. İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, normal mühitdə istənilən şirkətin xaricdə yatırımları ilk növbədə daxili bazarda onun fəaliyyətinin genişlənməsinə şərait olmamasından baş verə bilir: “Daxili bazar onun istehsal etdiyi məhsula müxtəlif səbəblərdən əl vermirsə xaricə üz tutur. Bu, ötən əsrin 60-70-80-ci illərində görünən hallardır. O dövrdə Amerikanın Çin və uzaq Şərq ölkələrinə daha çox yatırım etməyinin, istehsal sahələrini orada qurmağının bir çox səbəbləri vardı. Xaricdə istehsal sahəsi qurmağı vacib edən şərait də olmalıdır. Əgər hansısa ölkədə enerjidaşıyıcılar ucuzdursa, işçi qüvvəsi çoxdursa və onun əməkhaqqı azdırsa o ölkələrdə istehsal sahələri yaradılır. Bu mənada SOCAR-ın xarici ölkələrdə istehsal sahələri açması güman etmirəm ki, iqtisadi səbəblərdən baş verib. Bu qərarların arxasında çox böyük vəsaitlərin mənimsənilməsi mexanizmi dayana bilər. Çünki belə şirkətlər daha çox menecerlərinin maraqlarına uyğun olaraq xaricə can atırlar. Bütün bunları göz önünə gətirdikdə görürük ki, qardaş ölkə olsa da, Türkiyəyə yatırılmış on milyardlarla vəsait səmərəli deyil. Azərbaycan iqtisadiyyatının özündə, daxili bazarda daha keyfiyyətli neft məhsullarının istehsalına ehtiyac var idi. Məsələn, benzinin müxtəlif növlərini biz idxal edirik, ölkədən valyuta çıxır. Eyni zamanda neft ölkəsində biz neftin daha dərin emalını həyata keçirə bilməmişik, bütün bunların günahı isə SOCAR-ın menecmentinin üzərindədir. Müxtəlif isrtehsal sahələrinin xaricə çıxarılması, həmçinin “Petkim” kimi bir şirkətin səhmlərinin alınması, şəriklik menecerlərə müxtəlif vasitələrlə vəsait mənimsəməyə sərf edib ki, bu qərarların verilməsinə nail olublar. Çox təəssüf edirəm ki, SOCAR-ın ümumiyyətlə həm daxildə, həm xaricdə apardığı siyasət bəyənilmir, bu şirkətin fəaliyyətinə Nazirlər Kabineti nəzarət edə bilmir. SOCAR bütün işlərlə məşğul olur, bütün sosial layihələrdə iştirak edir, bunu da bəhanə edərək mənfəətdən yayınır, vergi ödəyicisi kimi vəzifəsini yerinə yetirə bilmir, hətta dövlət büdcəsindən subsidiya alır. Bu, o deməkdir ki, struktur bölmələri çox şişirdilib, şirkəti idarə edənlər qohumlarını, yaxınlarını işlə təmin etmək üçün lazımsız idarələr yaradıblar. Bu idarələr ancaq neft sahəsindən gələn gəlirləri müxtəlif mexanizmlərlə mənimsəməkdən ibarətdir, başqa faydalı işləri yoxdur”.
“SOCAR-Türkiyə” yerində sayır
İqtisadçı alim Qubad İbadoğlu SOCAR-ın dünyanın bir sıra ölkələrində fəaliyyət göstərdiyini bildirdi. Onun sözlərinə görə, gəlirlərin səviyyəsinə görə, liderlik İsveçrədə fəaliyyət göstərən şirkətdədir. Belə ki, 2017-ci ildə bu şirkət 78,6 milyard manat, 2018-ci ildə 94,5 milyard manatlıq gəlir əldə edib. Azərbaycandakı SOCAR 2017-ci ildə 5,3 milyard manat, 2018-ci ildə 6,6 milyard manat gəlir əldə edib. 3-cü yerdə isə “SOCAR Türkiyə”dir. 2017-ci ildə bu şirkət 4,9 milyard manat, 2018-ci ildə yenə 4,9 milyard manat gəlir əldə edib. 2017 və 2018-ci illərin göstəricilərinə görə gəlirlər arasında cəmi 47 min manat fərq var. Bu isə çox cüzi bir fərqdir, gəlirdə artım yoxdur. SOCAR-ın konsolidasiya edilmiş gəlirləri 2017-ci ildə 92,5 milyard manat təşkil edib, 2018-ci ildə isə 111,2 milyard manat. Göründüyü kimi, artım var. Bununla yanaşı, SOCAR-ın seqmentlər üzrə məlumatlarında da görünür ki, Türkiyədəki SOCAR əsasən emalla məşğuldur. Yəni söhbət “Star” zavodundan gedir. Çox cüzi gəlirlər satış və paylaşımlardan əldə edilib. Digər fəaliyyətlərdən – neft-qaz, tikinti, eyni zamanda digər sahələrdəki fəaliyyətdən “SOCAR Türkiyə” gəlirlər əldə etməyib. SOCAR-ın hesabatında gəlirlərlə yanaşı, həm də aktivlər barəsində məlumat var. ən böyük aktivlər Azərbaycandadır, ikinci yerdə Türkiyə gəlir. Qardaş ölkədə SOCAR-ın aktivləri 2017-ci ildə 7,6 milyard manat olub, 2018-ci ildə isə 8 milyard manat qiymətləndirilir. Göründüyü kimi, aktivlərin səviyyəsində də Türkiyədə elə bir ciddi dəyişikliklərdən söhbət getmir. Yəni həm aktivlər, həm gəlirlər hım aktivlərlə bağlı “SOCAR Türkiyə”nin 2017-ci illə müqayisədə 2018-ci ildə inkişafından danışmağa dəymir. Çox cüzi pozitiv dəyişiklik var. Məsələ ondadır ki, SOCAR-ın hesabatında yalnız aktivlər və gəlirlər barəsində məlumat var, seqmentlər üzrə baxanda, ayrı-ayrı ölkələrdəki fəaliyyəti təhlil edəndə biz mənfəəti görmürük. Mənfəəti görməyəndə də əldə edilmiş qazancların səviyyəsindən danışmaq mümkün olmur. Ola bilsin gəlirlər çox olsun, eyni zamanda məsrəflər də çox olsun, borc öhdəlikləri də çox olsun, hansısa qazanc olmasın”.
Ekspertin sözlərinə görə, yalnız “SOCAR Türkiyə” deyil, bütövlükdə SOCAR-ın özü üçün vacib məsələ şəffaflığın və hesabatlılığın artmasıdır: “Son illər SOCAR-ın xarici ölkələrdə, xüsusilə də Türkiyədə, Gürcüstanda eksponsiyası kifayət qədər genişlənib. Xeyli sərmayə yatırıblar. Türkiyədə xüsusilə sərmayə kifayət qədər böyük məbləğlə ifadə edilir, hazırda 19,5 milyard dollardan söhbət gedir. SOCAR özünün dünyanın onlarla ölkəsində törəmə müəssisələrini yaradıb. Onların hər birinin fəaliyyətinə aid geniş hesabata ehtiyac var. Düşünürəm ki, SOCAR üçün qarşıdakı vacib məsələlərdən biri məhz budur”.
Q.İbadoğlunun sözlərinə görə, SOCAR üçün ən kritik illər 2021-2022-ci illər olacaq: “Həmin illərdə borcların kifayət qədər vacib hissəsini qaytarmaq məcburiyyətində qalacaq”.
Vaqif Əliyevdən etiraf: “Heç nə qazanmamışıq…”
“SOCAR-Türkiyə”nin, ümumiyyətlə SOCAR-ın gəlirinin olub-olmamasına dair açıq qalan suallara Vaqif Əliyevin iki il öncə – 2017-ci ildə verdiyi bir açıqlama müəyyən qədər aydınlıq gətirir. Belə ki, SOCAR-ın “Petkim”i alması ilə bağlı mediaya danışan İH sədri “Bu günə kimi Türkiyəyə etdiyimiz yatırımlardan heç bir vəsait qazanmamışıq. 9 ildir biz Türkiyədə sadəcə gələcək üçün iş görürük” deməklə vəziyyəti etiraf etmiş olur. 2017-ci il həm də o dövr idi ki, ölkə iqtisadiyyatı bir-birinin ardınca baş verən kəskin devalvasiyanın təsirindən çıxmağa çalışırdı. Və həssas bir məqamda 18 milyard dollar yatırımdan heç bir qazanc (halbuki həmin ildə “SOCAR-Türkiyə”nin 4,9 milyard manat gəliri olub-red.) götürülmədiyini elan etmək bu qazanca nail ola bilməmək qədər bacarıqsızlıq tələb edir desək, yanılmarıq.
AFN-in İqtisadiyyat şöbəsi