“Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov həbs edilib.
Musavat.com-a daxil olan məlumata görə Rasim Məmmədovun nəzarətindəki bütün zavodlarda vegi və güc strukturlarının nümayəndələri araşdırmalar aparıb. İllərlə inhisarda olan metallurgiya sahəsinin, nəhayət ki, məmur-oliqarx inhisarından çıxarılacağı gözlənilir.
Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb. Rasim Məmmədovun Zülfüqarlı qardaşlarından zor gücünə aldığı zavodları lerikli çoban Gəray Məmmədovun adına keçirib onun arxasında gizlənməsi də yaddaşlardan silinməyib.
Musavat.com-un məlumatına görə, jurnalistlər illər öncə həmin çoban Gərayı Bakının Keşlə qəsəbəsinin ərazisindəki Şanxay yaşayış massivində, gecəqondu bir evdə aşkar etmişdilər. Çoban demişdi ki, onun bu işlərdən xəbəri yoxdur. Sadəcə, şəxsiyyət vəsiqəsini alıb hansısa sənədlərə imza atdırıblar. Aylıq da 200-300 manat pul verirlər ki, kirayə haqqını ödəyə bilsin. Qalan məsələlərdən onun xəbəri yoxdur. Bax, beləcə, Azərbaycanda metallurgiya sahəsi çobanların idarəçiliyinə “verilməklə” məhvə sürüklənib. Bu cür üsullarla, məhkəmə sistemindəki nüfuzlu dayağı hesabına Rasim Məmmədov iş adamlarına qarşı qanunsuzluqlarına qanuni “don” geydirə bilirdi.
Hələ ötən ilin yayında Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi “Baku Steel Compani” MMC-də (BSC) araşdırmalara başlayıb. Bu haqda yayılan xəbərlərdə araşdırmaların həm vergi məsələləri, həm də Rasim Məmmədovun uzun illərdir həyata keçirdiyi maxinasiyalarla bağlı olduğu deyilirdi. Son 1 ildə şirkət üzərində bütün rəsmi hüquqları əlindən alınan, sadəcə, zavodun rəhbəri kimi saxlanılan Rasim Məmmədov “Baku Steel Company”nin idarəçiliyindən də uzaqlaşdırılıb. Bundan əlavə, BSC-nin istehsalat müdiri Ramin Kərimov və maliyyə direktoru Çingiz Həsənovun hüquq-mühafizə orqanları tərəfindən sorğuya çəkildiyi bildirilirdi.
Eyni zamanda Rasim Məmmədovun nəzarətində olan Sumqayıt Boru Zavodunda da araşdırma aparılıb. İllərdir fəaliyyətdə olan bu zavodun külli miqdarda vergi borcu yaranıb. Belə ehtimallar var ki, dövlətə vergilərin ödənməməsi maliyyə çatışmazlığı ilə bağlı deyil. Sadəcə vergi ödəməməklə zavodun rentabelli olmadığı təəssüratı yaradılır və törədilmiş maxinasiyalar ört-basdır edilirmiş. Rasim Məmmədovun nəzarətində olan digər zavodların da külli miqdarda vergi borcu olub.
Xatırladaq ki, ilkin araşdırmalarla “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 min 510 manat 18 qəpik borcu olduğu üzə çıxmışdı. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədovun Zülfüqarlı qardaşlarının əlindən zorla aldığı – “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir. Nəzərə alsaq ki, ötən illər ərzində Rasim Məmmədovun nəzarətində olan zavodlar ölkənin metallurgiya sənayesini inhisarda saxlayıb, demək olar ki, bazara başqa şirkətlərin daxil olmasına imkan verməyib, belə külli miqdarda vergi borcunun yaranmasının iqtisadi əsaslarının olması şübhə doğurur. Böyük ehtimalla, ortada ciddi maliyyə maxinasiyaları var və dövlət orqanları həm də bunu üzə çıxara bilib.
Bundan başqa, məlumata görə, həm Sumqayıt Boruyayma Zavodu, həm də “Baku Steel Company” MMC bir çox şirkətlərlə bağladığı müqavilə öhdəliklərinə qəsdən əməl etməyib. Bununla yanaşı, onları qara metal qırıntıları (metallom) ilə təchiz edən xeyli sayda insanın da borclarını ödəməyiblər. Həmin şirkətlərin və borcunu tələb edən insanların bir neçəsinin məhkəmələrə iddialar verdiyi, eyni zamanda, dövlət qurumlarına müraciət edərək bu məsələlərin araşdırılmasını xahiş ediblər.
Belə məlumatlar da var ki, araşdırmalar çərçivəsində Sumqayıt Boruyayma Zavodunun direktoru Bahadur Əliyev də bir neçə gün hüquq-mühafizə orqanları tərəfindən sorğulanıb. Bu sorğulamaların nəticəsi olaraq Bahadur Əliyev anlayıb ki, Rasim Məmmədovun mövqeyi sağlam deyil, məhz ona görə də istefa ərizəsini yazıb və işdən gedib. Bundan sonra Rasim Məmmədov Ramiz Mehdiyevin tayfasından olan Yaşar Abbasəliyevi Sumqayıt Boru zavoduna direktor təyin edib. Hazırda Yaşar Abasəliyevin də istintaqa cəlb edilməsi xəbəri var.
Rasim Məmmədov mətbuata qarşı hücumlarla da tanınır. Belə ki, o, dəfələrlə “AzPolitika.info” saytına, “Yeni Müsavat” qəzetinə və başqa KİV-lərə qarşı da iddia qaldıraraq, yüksək miqdarda təzminat tələb edib.
Rasim Məmmədovun öz çirkin əməllərindən əl çəkməməsinin səbəbi himayəçisi Ramiz Mehdiyevin diktəsi ilə hakimlərin hər zaman onun istədiyi qərarları çıxarması ilə bağlıdır.