Korrupsiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akar telefon danışığından sonra jurnalistlərə açıqlamasında bunları deyib:
“Zakir Həsənovla müdafiə və təhlükəsizlik sahəsində gördüyümüz və görə biləcəyimiz işlər barədə fikir mübadiləsi apardıq. Qarabağda atəşkəsin qorunması və ona riayət olunması üçün nəzarət məqsədilə yaradılacaq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması istiqamətində işlər tamamlanıb. Birgə Mərkəz sabah fəaliyyətinə başlayacaq. Zakir Həsənovla son vəziyyəti dəyərləndirdik və “xeyirli olsun” diləklərimizi çatdırdıq. Bir general və 38 personalımızın təmsil olunacağı Birgə Mərkəzin bölgədə atəşkəsin davamlılığı ilə sülh və barışığın təmin olunması üçün böyük töhfələr verəcəyinə inanırıq.
Türk və rus əsgərlərinin yerləşəcəyi bu Birgə Mərkəzin işləri ilə fəaliyyətlərimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını və haqlarını sonadək qorumaq vəzifəmizi tam yerinə yetirəcəyik.
Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və bundan sonra da olmağa davam edəcəyik”.
Paylaş