Dünyada ərzaq qiymətlərinin yüksəlməsi, xüsusi karantin rejimlərinin tədricən aradan qalxması, neftin bahalaşması, dolların bir qədər də ucuzlaşacağı gözləntisi və digər amillər 2021-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin əvvəlki illərə nisbətən daha böyük olacağına dair ehtimalı gücləndirir.
Korrupsiya.az Sfera.az istinadən bildirir ki, bir qayda olaraq qiymətlər daxili tələbin, yəni alıcılığın güclənməsi və ya idxal mallarının bahalaşması hesabına yüksəlir. 2020-ci ildə ölkəmizdə daxili tələb yalnız ərzaq mallarına qarşı güclü idi. Xüsusi karantin rejimi ilə bağlı olaraq qeyri-ərzaq mallarına və xidmətlərə tələb zəif oldu. Ötən il həm də dünyada ərzağın bahalaşması gücləndiyindən idxal inflyasiyası da artdı. Bu faktorlar 2020-ci ildə ölkəmizdə ərzağın dəyərinin xeyli yüksəlməsini şərtləndirdi.
Amma bu il vəziyyət dəyişib. Dünyada ərzağın bahalaşması davam edir. Eyni zamanda peyvəndin tapılması karantin rejimlərinin yümşaldılmasına şərait yaratdığından qeyri-ərzaq mallarına və pullu xidmətlərə də tələb yüksəlir.
Qiymət artımlarını şərtləndirən digər amil dolların ucuzlaşmasıdır. 2020-ci ildə dolların məzənnəsi 10 faizə yaxın endi. Cari ildə də dolların bir qədər ucuzlaşacağı proqnoz edilir. Dolların ucuzlaşması dəyəri bu valyuta ilə müəyyənləşən əmtəələrin bahalaşmasına səbəb olacaq.
Son aylarda neftin bahalaşması müşahidə edilir. Neft bahalaşanda bütün əmtəələrin dəyərində artım qeydə alınır. Çünki neft və ondan alınan məhsullara çəkilən xərc bütün əmtəələrin istehsalında, satışında və digər xidmətlərin göstərilməsində yer alır. Bu səbəbdən neft bahalaşanda bütün əmtəə və xidmətlərin istehsalındakı enerji xərcləri yüksəlir.
Xarici amillər kimi daxili amillər də qiymət artımına əsas yaradır. 2021-ci ildə Azərbaycanda tələbin artması gözlənilir. Dövlət büdcəsinin xərclərinin artırılması, xüsusi karantin rejiminin yumşaldılması, bankların kredit qoyuluşunu yenidən artırması daxili tələbi artıracaq.
Qəbul edilən büdcә layihәsinә әsasәn növbәti ildә dövlәt büdcәsi xәrclәrinin 2020-ci ilә nәzәrәn 3,8 faiz, o cümlәdәn әsaslı xәrclәrin 7,9 faiz artırılacağı proqnozlaşdırılır.
Daxili tələblə yanaşı bazis qiymətlərində də artım olacaq. Bazis qiymətlərinə qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan qiymətlər aiddir. Son aylarda yanacağın, suyun bahalaşması bazis qiymətlərinin yüksəlməsinə imkan yaradacaq.
Həm xarici, həm də daxili amillər bu il ölkəmizdə qiymət artımlarının güclənəcəyinin xəbərçisidir. Düzdür, 2021-ci ilin ilk rübündә inflyasiyaya azaldıcı tәsir göstәrәn amillәrin üstünlüyü qalacaq. Bu dövrdә dünya әrzaq qiymәtlәrindә bahalaşma vә epidemiya әleyhinә xәrclәrin artması mәcmu tәlәbin azalması hesabına neytrallaşa bilәr. Amma ortamüddәtli dövr üzrә mәcmu tәlәbin vә belәliklә iqtisadi artımın bәrpası inflyasiya proseslәrinә tәsir edәn başlıca amillәrdәn biri olacaq.

Dövlət Statistika Komitəsinin yanvar ayı üzrə açıqladığı istehlak qiymətləri indeksi də göstərir ki, qiymətlər artıma meyillidir. Rəsmi məlumata əsasən yanvarda illik qiymət artımı 3,3 faiz olub. Bu, son 4 ilin ən yüksək qiymət artımıdır. İlk ayda ərzaq məhsulları 4,6 faiz, qeyri-ərzaq 3,5 faiz bahalaşıb.
2021-ci ilin aprelin 1-dən xüsusi karantin rejimi tam aradan qaldırıldıqdan sonra bahalaşma tempində bir qədər də güclənmə olacaq.

Paylaş