Baş Prokurorluq Qobustan qəsəbəsində ərin arvadının başını kəsərək öldürməsi ilə bağlı açıqlama yayıb.
Qurumdan Korrupsiya.az-a daxil olan məlumatda qeyd edilir ki, martın 28-də saat 18 radələrində Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.
Araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.
Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, R.Rəsulovun arvadı B.Rəsulovanın boğazını kəsərək öldürdüyü bildirilir.