Ağstafada hədə-qorxu ilə pul tələb edən “reket jurnalistlər” saxlanılıb.
Korrupsiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.
Onların ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F. Quliyev həmyerlisi V. Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.
Davam etdirilən araşdırmalar nəticəsində V. Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.
Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.