Xəbər verdiyimiz kimi, 8-9 aprel tarixlərində Azərbaycan və Türkiyə ordularının növbəti birgə təlimləri keçirilib.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında baş tutub.

Politoloq Anar Əliyev AZXEBER.COM-a açıqlamasında bu təlimlərin həm hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, həm də hər iki dövlətin ismarıclarının lazımi ünvanlara çatdırılması istiqamətində böyük önəmə sahib olduğunu bildirib:

“Türkiyə ilə Azərbaycan arasında təlimlərin son illər mütəmadi olaraq keçirilməsi müşahidə olunur. Bu təlimlər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və hər iki dövlətin mesajlarının lazımi ünvanlara çatdırılmasına xidmət edir. Birinci mesaj və hədəf Ermənistan cəmiyyəti və revanşist düşüncədə olan qüvvələrə yönəlib. Bu o deməkdir ki, hər an Azərbaycan və Türkiyə ordusu onların başının üzərindədir. Revanşist düşüncədə olanlar yeni müharibə istəyini reallaşdırmaq istəsələr həmin an Azərbaycan və Türkiyə ordusu onlara cavab verəcək. İkincisi isə, Rusiya hərbi generalitetinə, Ermənistan üzərindən regionda oyunlar qurmaq istəyən, Ermənistan və Azərbaycan arasında münaqişənin davam etməsində maraqlı olan qüvvələrə tutarlı mesajdır. Yəni, onlar Azərbaycana qarşı hər hansı bir təxribat törətmək istəsələr, ilk olaraq qarşılarında məhz Azərbaycan-Türkiyə birliyini və gücünü görəcəklər”.

Politoloqun sözlərinə görə, bu təlimlərin keçirilməsində üçüncü mesaj bəzi Avropa dövlətləri və ABŞ-a ünvanlanıb:

“Burada, xüsusilə, Fransanı qeyd etmək lazımdır. Bu ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarına və həmin ölkələrin rəsmi şəxslərinə Ermənistan üzərindən Azərbaycana təzyiq kimi münaqişəni istifadə etməyə çalışan qüvvələrə bu mesaj ötürülür. İsmarıc qısa və konkretdir: Azərbaycan və Türkiyə ordusu ayaqdadır və istənilən təxribat xarakterli fəaliyyətə cavab vermək iqtidarındadır”.

Xatırladaq ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir

Paylaş