Həbs edilən polkovnik-leytenant hakim önünə çıxarılıb. Külli miqdarda dələduzluqda ittiham edilən şəxsə hökm oxunub.
Korrupsoya az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Əli Məlikovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, Əli Məlikov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Əli Məlikov DİN-in sabiq əməkdaşı, polis polkovnik-leytenantıdır. O, bu əməllərinə görə DİN-dən qovulub.
Onun keçmiş qayınatası Fövqəladə Hallar Nazirliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Qarayevdir.
Məlumata görə, Əli Məlikovun ailəsinin dağılmasına səbəb də məhz bu hadisələr olub. Bir neçə il əvvəl Əli Məlikova pul verən bəzi şəxslər Sahib Qarayevin adını çəkirdilər. Bildirirdilər ki, Əli Məlikov onlardan aldığı pulu Sahib Qarayevə verib. Sahib Qarayev isə deyilənlərlə razılaşmır.
Əli Məlikova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham elan edilib. Əli Məlikov istintaq dövründə bir dəfə həbs edilib, sonra isə azadlığa buraxılaraq barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Daha sonra isə barəsində növbəti dəfə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Əli Məlikov iş görmək adı ilə Səbuhi Məlikova və Rasim İsmayılova qarşı külli miqdarda dələduzluq edib.
İş üzrə zərərçəkmiş kimi tanınan Səbuhi Məlikov həbs edilən Əli Məlikovun əmisi oğludur. Digər zərərçəkmiş Rasim İsmayılov isə Səbuhi Məlikovla dost olub və Əli Məlikovla tanışlıq da buradan yaranıb.
İttihama görə, Əli Məlikov hər iki şəxsdən xaricdən mebel gətirmək və topdan satışı ilə məşğul olmaq adı ilə pul alıb. Ümumi zərər 500 min manata yaxındır. Zərərin böyük hissəsi Rasim İsmayılova məxsusdur.
Zərərçəkmiş Rasim İsmayılov deyib ki, Əli Məlikov onlardan alınan pulları qardaşı Vüqar Məlikovun mebel biznesinə yatırıb.
İstintaq dövründə zərərçəkmişlərin zərəri ödənilməyib.
(Musavat.com)