Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.
Bu isə cəmiyyətdə haqlı narahatlığa səbəb olub.
Milli Məclisin deputatı Elman Nəsirov bununla bağlı Sfera.az-a açıqlamasında qeyd edib ki, Rusiya 9 may – faşizm üzərində Qələbə günü münasibətilə hər il müxtəlif tədbirlər keçirir və Rusiyanın Silahlı Qüvvələri də bu prosesdə iştirak edirlər:
“Bu nöqteyi-nəzərdən ola bilsin ki, Rusiya tərəfi silahlı qüvvələrinin konkret kontigentinin, yəni, sülhməramlıların olduğu ərazilərdə də belə bir tədbir keçirmək niyyətinə düşsün. Ancaq eyni məntiqlə gərək analoji addımı Rusiya silahlı qüvvələrinin Suriyada, Liviyada, Cənubi Osetiya, Abxaziya və digər ərazilərdə olan heyəti də atsın. Hesab edirəm ki, həssas məsələlərlə bağlı davranışda ehtiyatlı olmaq lazımdır. Bir çox hallarda Rusiya sülhməramlılarının davranışı, atdığı addımlar çoxsaylı suallar doğurub. Həmin sualların tam mükəmməl cavabları isə alınmayıb.
Hazırda elə erməni mətbuatı da yazır ki, mülki geyimdə erməni hərbçiləri Laçın dəhlizindən keçərək Qarabağ ərazisinə daxil olurlar. Bu məsələ sülhməramlıların doğrudanmı diqqətindən yayınır? Bunlar yolverilməzdir”.
Millət vəkili xatırladıb ki, Xocalıda soyqırım törədilib, 1992-ci ildə bəşəri, hərbi cinayətə imza atılıb: “Soyqırım cinayətkarları hələ cəzalandırılmayıblar. Belə bir vəziyyətdə Xocalıda bu addımın atılması, məkan olaraq məhz Xocalının seçilməsi hesab edirəm ki, çoxsaylı suallara səbəb olur. Azərbaycan ictimaiyyəti də belə davranış tərzini qəbul etmir”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə məsələ ilə bağlı təklif irəli sürüb. O qeyd edib ki, 9 May Azərbaycanda da dövlət bayramıdır və buna görə də hərbçilərimiz sözügedən parada qatıla bilər:
“Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə “komando”larının göndərilməsini təklif edirəm. Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”.
Qeyd edək ki, aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.