Azərbaycanda saxlanılan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıblar.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) kommunikasiya proqramları rəhbəri Zara Amatuni bildirib.
“BQXK nümayəndələrinin “əsirlərə” baş çəkməsi onların müxtəlif vasitələrlə (məktub, telefon, bəzən şifahi ismarış) qohumları ilə əlaqə yaradılmasına imkan verir”, – Zara Amatuni deyib.
Onun sözlərinə görə, söhbət Azərbaycanda saxlanılması faktı təsdiqlənmiş və barəsində konkret məlumat olan şəxslərdən gedir.
BQXK nümayəndəsi neçə nəfərə belə imkan yaradılması barədə məlumatı açıqlamağa icazə verilmədiyini bildirib.
O, saxlananların hansısa şikayəti və ya narazılığının olub-olmaması barədə məlumat verməkdən imtina edib və deyib ki, onlar bu kimi məsələləri yalnız müvafiq hakimiyyət nümayəndələri ilə müzakirə edə bilərlər.
Erməni tərəfi 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanda 200-ə qədər erməni hərbçinin saxlanıldığını bildirib.
Azərbaycan tərəfi isə əlində olan 72 nəfər əsirin hamısının artıq qaytarıldığını bəyan edib. Rəsmi Bakı müharibədən sonra digər saxlanılan şəxsləri əsir deyil, “terrorçu” hesab edir.