Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator

vəzifəsində işləmiş Xələfzadə İbrahim Etibar oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən İbrahim Xələfzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, İ.Xələfzadə qeyd edilən vəzifədə işləyərkən məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsinə köməklik göstərilməsi barədə yalan vəd verərək həmin şəxslərin yaxın qohumundan 2020-ci ilin may-noyabr ayları ərzində Bakı şəhərində müxtəlif ünvanlarda ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək dələduzluq etməsinə, eləcə də qeyd olunan hərəkətləri etməklə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

12 fevral 2021-ci il tarixdə Xələfzadə İbrahim Etibar oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Musavat.com-un əldə etdiyi məlumata görə, İ.Xələfzadə kriminal avtoritet Mübariz Budaqlının ölüm işinə görə həbs edilən təqsirləndirilən şəxslərin ailə üzvlərindən pul alıb. Bununla da həbs edilən şəxslərin azadlığa çıxmasına kömək edəcəkmiş.

Paylaş