“İcra hakimiyyəti strukturu artıq günümüzün müasir tələblərinə cavab vermir.  Onun ləğvi və paralel olaraq ölkənin inzibati ərazi bölgüsülə bağlı yeni qərarların verilməsi zamanıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli deyib. Həmsöhbətimiz qeyd edib ki, sovetdən qalma bu sistem özünü doğrultmadı: “Azərbaycanda icra hakimiyyəti strukturlarının qeyri-effektiv fəaliyyəti artıq heç kimdə şübhə doğurmur. Çoxsaylı həbslər, işdən çıxarmalar, araşdırmalar onu göstərir ki, buradakı qeyri-effektivliyin əsasında konkret şəxslər dayanmır”.
Ekspertin fikrincə, problem strukturun özündədir:“İcra hakimiyyəti strukturu artıq günümüzün müasir tələblərinə cavab vermir. Ərazisi böyük olmayan bir ölkədə bu qədər inzibati ərazi vahidlərinin mövcudluğu, hər rayonun öz icra başçısının olması həm büdcəyə əlavə yükdür, həm də bu, kiçik ərazilərdə bir şəxsə bağlı özbaşına idarəetmə formasının yaranmasına səbəb olur.  Bu da nəticə etibarı ilə neqativ halların artmasına, əhaliyə normal xidmət göstərilməməsinə səbəb olur. Ona görə də neqativ əməllərə yol verən icra başçılarına qarşı dəfələrlə cəza tədbirləri görülsə də, bu sahədə irəliləyişə nail olmaq hələ də mümkünsüzdür”.
N. Cəfərli düşünür ki, ölkə 14-15 inzibati ərazi vahidinə bölünməlidir: “Ölkəmizdə iri iqtisadi rayonlar yaradılmalıdır. 14-15 iri iqtisadi ərazi vahidi yaradılmalı, onlara da birbaşa olaraq Prezident tərəfindən nümayəndə təyin edilməlidir. Yerli icra strukturları isə bələdiyyələrin səlahiyyətinin artırılması yolu ilə ləğv edilməlidir”.
Paylaş