Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının 25 min manat müqabilində kimlərisə məsuliyyətdən azad etdiyinə dair sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumatlar əsassızdır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

“Həmin məsələ ilə əlaqədar qeyd etmək istəyirik ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayının 12-də həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Avşar kənd sakini Məhərrəm Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evindən 1 kiloqram 815 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Baxış zamanı Məhərrəm Quliyevin ailə üzvlərinin üzərindən hər hansı narkotik vasitə aşkar edilməyib. M. Quliyev ifadəsində evindən aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu bildirib və barəsində Ağcabədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bəzi saytların iddialarına görə, rayonun Avşar kəndində narkobaronluq fəaliyyəti ilə məşğul olan bir şəxsin qız övladının üstündən 300 qram narkotik maddə tapılsa da, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi həmin xanımı deyil, onun atasını cəzalandırmağa qərar verib, bunun müqabilində də 25 min manat pul alıb.

Paylaş