• Zaman keçdikcə nazirlik və komitələrdə aparılan araşdırmaların, həbslərin  tədricən  intensivləşdiyi müşahidə olunur. Bu intensivləşmənin hara qədər gedib çıxacağını indidən demək çətindir. Lakin görünən odur ki, dövlət qurumlarında araşdırmalar aparılır, vəzifə səlahiyyətini məsuliyyətə cəlb olunacaq qədər aşanlar tapılıb üzə çıxarılır, həbs edilir. Düzdür, ifşa olunanlar əslində, səlahiyyətini aşan məmurların müqyası ilə müqayisədə o qədər də qənaətbəxş deyil. Ancaq hər halda ortada bir proses var və bu proses arada öz gedişatı ilə cəmiyyəti təəccübləndirə də bilir. Bu dəfə sözügedən prosesin sayəsində medianın və cəmiyyətin diqqət mərkəzinə düşən Gömrük sistemi oldu.

Mayın 17-də Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Nəticədə idarənin vəzifəli şəxsləri – Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov məsuliyyətə cəlb olunub. Binəqədi rayon Məhkəməsi onları dəmir barmaqlıqlar arxasına göndərib. İndi də Binəqədi Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev barəsində istintaq orqanının təqdimatına baxır. Görünən odur ki, əvvəl tutulanların dindirilməsi Azər Baxşıyevin də prossesə cəlb olunmasına gətirib çıxardıb. Bu məntiqlə Azər Baxşıyevin də dindirilməsi ondan yuxarı instansiyalarda kimlərinsə prosesə cəlb olunmasına yol açmalıdır. Beləliklə bütöv bir şəbəkə, bu şəbəkənin başında və arxasında dayanan daha sanballı fiqurlar həbs olunmalıdır.

Ancaq bundan əvvəlki hallara – bir sıra komitə və nazirlikləri əhatə edən korrupsiya, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istuifadəyə dair proseslərə nəzər salananda görürük ki, hamısında istintaq araşdırması bəlli bir mərhələyə qədər gedir və dayanır. Bir tərəfdən “buna da şükür, belələrinin bir qisminin habsi başqalarına da dərs olar” deyib keçmək olar. Amma genəldə bu işin zərərli tərəfi daha böyükdür deyə, şükr edib çekməyə yer qoymur. Prosesin sonadək getməməsi, xırda balıqları himayə edən iri balıqların məsuliyyətə cəlb olunmaması, ən pis halda isə “iri”lərdən kiminsə sadəcə vəzifədən kənarlaşdırılmaqla cəzalandırılması ölkədə cəmiyyətin həyatına mənfi təsir edən, dövlətin nüfuzuna ciddi xələl gətirən neqativ halların, qanunsuzluqların, məmur özbaşınalığının davam etməsinə rəvac verir.

Heç şübhəsiz ki, 5-10 xırda məmurun həbs olunması yüksək çinli məmurlar üçün faciə deyil. Bu 10 nəfər gedər, yerinə başqa 10 nəfər götürülər. Başqalarının işə götürülməsinin özünün də ayrıca gəlir mənbəyi sayıldığını göz önünə alsaq, onda görərik ki, bu həbsetmələr proses əslində kimlərəsə fayda verir. Gerçəklik ondan ibarətdir ki, vətən, millət, dövlət anlayışı belələri üçün həç nə ehtiva etmir. Onların düşüncəsinə yalnız bir mövzu hakimdir: varlanmaq. Bu varlanmaq nəyin və ya kimin bahasına olursa olsun, onları narahat etməz. Əsas odur ki, dayanmadan sərvətlərini artırsınlar, özlərinin və yaxınlarının dəbdəbəli yaşayışını təmin etsinlər. Xaricdə villalar, şirkətlər alsınlar, hətta gələcək nəsillərinin dəbdəbəli yaşayını birdəfəlik təmin etsinlər.

İndi Azərbaycanda postmüharibə dövrüdür. Müharibələr isə yalnız qələbədən ibarət olmur. Onlar hətta qələbə ilə nəticələndikdə belə, çox sayda maddi və mənəvi fəsadlar, asanlıqla aradan qaldırılması mümkün olmayan problemlər yaradırlar. Hazırda Azərbaycan bir tərəfdən şəhid ailələrinin, qazilərin maddi-mənəvi roblemlərini həll etməli, ölkənin böyük bir ərazisini altına almış ucsuz-bucaqsız xarabalıqları ləğv etməli, digər tərəfdən də böyük quruculuq – şəhərsalma, kənd, qəsəbə tikmə işlərinə start verib onları qısa zamanda və uğurla başa çatdırmalı, yüz minlərlə insanın, 30 ildir ölkənin müxtəlif yerlərində məşkünlaşmış əhalinin böyük köçünü təşkil eyməli, onları doğma yurdda iş yerləri ilə tmin etməlidir. Bəlkə də Azərbaycanda heç vaxt indiki qədər “hərə öz postunda vicdanla vətənə xidmət etməlidir” deyiminə məsuliyyətlə yanaşılmasına ehtiyac olmayıb. Ortada miqyasına görə fantastik sayıla biləcək, əksər dövlətlərin öhdəsindən gələ bilməyəcəyi çox böyük problemlər var. Dövlət başçısının təkbaşına bu problemlərlə uğraşdığı, həm də Qarabağ məsələsi ilə bağlı bütün dünyaya cavab verdiyi, düşmənlərimizi, bədxahlarımızı zərərsizləşdirməyə, dostlarımızı quruculuq işlərinə cəlb etməyə çalışdığı bir vaxtda, kimlərinsə hələ də öz şəxsi maraqlarını önə çəkməyə cəsarət etməsi və bu yöndə addımlar atması da vətənə xəyanətin aşkar nümunəsidir. Və belə adamlar  mütləq tapılıb, məsuliyyətə cəlb olunub, qanunun bütün ağırlığı ilə cəzalandırılmalıdılar ki, həm ədalət yerini tapsın, həm də kimlərsə ölkədə cəzasızlıq mühüti olduğunu düşünüb onların yolunu davam etdirməsinlər. Belə olmadıqca, onlar cilddən-cildə girərək öz “fəaliyyətlərini” daha da genişləndirəcək, çapıb-talamaqdan çəkinməyəcəklər. Nəfsinə hakim olmayan məmur isə dövlət üçün ciddi təhlükə mənbəyi deməkdir. Və bu təhlükənin aradan qaldırılması işi yarmçıq aparılmamalıdır.

Qalib İsmayılov

Paylaş