“İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub”.
Korrupsoya.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı bu gün Laçın ərazisində qarşısı alınan Ermənistanın kəşfiyyat-diversiya qrupundan danışarkən deyib.
O bildirib ki, Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir: “Onlar əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir. Həmçinin seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq fikrindədirlər”.
A.Nərimanlının sözlərinə görə, “Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir: “Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir. Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək”.
Xatırladaq ki, Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvlərindən Artur Kartanyan saxlanılıb.