Ölkədə bir neçə gündür yüksək temperatur müşahidə edilirdi. Hətta bəzi ərazilərdə maksimal temperatur 42-44°-dək yüksəldi.
Korrupsiya.az bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Təəssüf ki, bəzi yerlərdə bu qanuna əməl edilmədiyinin hələ də şahidi oluruq. Hər yay mövsümündə işə götürənlər və işçilər arasında bu cür problemlər yaşanmaqda davam edir.
Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməlidir:
“Yaxud da təcili vaxt dəyişikliyinə getməlidir. İnsan həyatını riskə atmaq olmaz. Müşahidə edirəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir. Necə deyərlər, içəridə kondisioner altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır. Son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur. Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar”.
Deputat vurğulayıb ki, vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz.
Xatırladaq ki, sözügedən məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir.
Paylaş