“Yanan maddə, istlik və oksigen yanğının yaranmasına şərait yaradan amillərdəndir. Bunların eyni anda bir yerdə olması və təhlükəsizlik qaydalarına riayət edilməməsi yanğının baş verməsinə səbəb olur”.
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Azərbaycanda son günlər baş verən meşə yanğınlarından danışarkən deyib.
Müsahibimiz bildirib ki, bütün insanlar yanğın təhlükəsizliyi haqqında ilkin bilgilərə sahib olmalıdırlar:
“Meşə yanğınlarının başvermə səbəbi adətən insan faktoru ilə bağlı olur. Nəzərə almaq lazımdır ki, bu cür yanğınlar əsasən yay aylarında müşahidə edilir. Həmin mövsümdə insanlar rayon yerlərinə istirahətə gedirlər və əsasən də çöl şəraitində dincəlməyə üstünlük verirlər. Yəni, dağlıq, meşəlik ərazilərdə düşərgələr salırlar, pikniklər təşkil edirlər, eyni zamanda açıq oddan istifadə olunur. Bu zaman odu tam söndürməmiş və ya söndürülməsinə əmin olmamamış ərazini tərk edirlər, yanğının yaranmasına təkan verirlər.
Ümumiyyətlə, meşə ərazilərində yaşayan insanlar, ora gələn turistlər,  yerlərdə olan şirkətlər, turizm obyektləri üçün riayət edilməli olan qaydalar mövcuddur. Hətta siqaret kötüyünün tam söndürülməməsinə görə genişmiqyaslı yanğınlar baş verə bilər. Bu isə həm təbiətə, insanlara, həm də onların əmlakına zərər vurar. Meşə sahələri həmçinin məişət tullantıları ilə zibillənməli deyil. Həmin ərazilərdə məişət tullantılarının qalaqlanması, yandırılması, zibilliyin vaxtında təmizlənməməsi yolverilməzdir və yanğınlara səbəb olur”.
Ekspert qeyd edib ki, meşə ərazilərində mütəmadi olaraq aidiyyatı qurumlar tərəfindən təmizlənmə işləri təmin edilməlidir:
“Yanğınların qəsdən törədilməsinə gəldikdə isə təbii ki, burada diqqət yetirilməli olduğumuz məqamlar var. Pis niyyətli insanlar öz çirkin əməllərini həyata keçirmək üçün əlverişli mühit və şərait gözləyirlər. Bu şəraiti onlara verməmək üçün mütləq ərazinin yerləşdiyi yerlərə uyğun olaraq, təhlükəsizlik konsepsiyası hazırlanmalıdır. Əgər ərazi meşəlik sahədə yerləşirsə, yanğınlar, çay daşması, sel ehtimalları və.s nəzərə alınmalı, bunlar qiymətləndirilməlidir.
Konsepsiyaya əsasən, ora gələn şəxslər ilkin təlimatlandırılmadan keçməli, təhlükəsizlik qaydaları ilə bağlı məlumatlar verilməlidir. Həmçinin təhlükəsiz toplanış yerləri olmalı, hadisə zamanı insanların, ərazidəki heyvanların təxliyyə planı hazırlanmalı, əmlakların qoruma üsulları müəyyən edilməlidir.

Təbii ki, aidiyyatı qurumlar üzərinə düşən müvafiq öhdəliklər də var. Qurumlar mütəmadi olaraq maarifləndirmə işləri görməli, təhlükəsizlik risklərini öncədən qiymətləndirməli, ona uyğun konsepsiya hazırlanyıb ərazidə yaşayan həm fərdi evlərə, həm də turizm obyektlərinə təqdim etməlidirlər”.
Xatırladaq ki, ötən günlərdə Yardımlıda, Lənkəranda meşəlik ərazilərdə yanğınlar müşahidə edilmişdi. Bu gün isə, Ağsuda “El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb və meşəliklərə yaxınlaşıb.

Paylaş