“Ermənistan tərəfindən sərhəddə gərginliyin davam etdirilməsi mövcud razılaşmaların həllini gecikdirəcək”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın üç tərəfli razılaşmaların yerinə yetirilməsi ilə bağlı  açıqlamaları isə sadəcə manipulyasiyadır və məqsəd mövcud situasiyanı qorumaqdan ibarətdir:
“Ermənistan Baş naziri vaxt qazanmaqla, Qərbin burada iştirakını təmin etməyə və Minsk qrupunun fəaliyyətinin bərpası istiqamətində “status” məsələsini müzakirəyə çıxarmağa çalışır. Bu da regional əməkdaşlığa başlanılmasının sabotajıdır. Hazırda Rusiya elə bir mövqe sərgiləyir ki, Ermənistana üç tərəfli razılaşmalarla bağlı təzyiq edə bilmir və Paşinyan müstəqil hərəkət edir. Halbuki Rusiyanın əlində kifayət qədər təzyiqlər var ki, Nikol mümkün razılaşmalara getsin.
Müharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə iştirakı ilə üçtərəfli komissiya təşkil olunmuşdu. Hətta mart ayında tərəflər konkret təkliflərlə işə başlamalı idilər. Göründüyü kimi, birgə komissiya da öz işini dayandırıb. Demək olar ki, Ermənistan mövcud vəziyyəti müharibə vəziyyətinə gətirib çıxarıb.  Halbuki 10 noyabr birgə bəyannaməsi barışığa və əməkdaşlığın əsasını qoymağa yönələn bir sənəddir”.
Politoloq qeyd edib ki, Ermənistan yeni şərtlərlə masaya qayıtmağa çalışır:
“Fikir versək, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını o halda yerinə yetirməyə hazır olduğunu qeyd edir ki, Azərbaycan öz sərhədlərindən ordunu geri çəksin və Qarabağın statusu ilə bağlı danışıqlara başlansın. Artıq Ermənistanın bu mövqeyi öz imzasından imtina etməkdir. Əgər, Ermənistan mövcud razılaşmalara getməyəcəkdisə, Paşinyan və Rusiya rəhbərliyi niyə üç tərəfli razılaşmalara imza atırdı?! Hər iki imzalanan razışlamalar əməkdaşlığı və sərhədlərin delimitasiyası-demarkasiyasını nəzərdə tutur.
Təbii ki, Azərbaycan Ermənistanın heç bir şərtini qəbul etməyəcək. Baş nazir Nikol Paşinyan özünün imza atdığı sənədə əməl etmək üçün hazırda şərtlər irəli sürürsə, bu onun siyasəti deyil. Bu, Fransanın siyasəti, həmçinin Rusiyanın sabotajıdır. Sanki Nikol istintaq altında sənədlərə imza atıb, məhkəmədə öz imzası ilə təsdiq edən izahatını qəbul etmir. Amma son qərarı məhkəmə verir, məhkəmə isə Azərbaycandır”.
Paylaş