“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsi bölgədə və dünyada yeni mənzərə yaradır. Artıq Əfqanıstanın legitim hakimiyyəti təslim olub və bir çox dövlətlər tərəfindən terrorçu təşkilat kimi tanınmış “Taliban” iş başına keçib. Verilən açıqlamlarda isə ölkənin adının dəyişdirilərək Əfqanıstan İslam Əmirliyinin yaradılacağı bildirilib.
Bu isə dünya dövlətlərindən vəziyyətə uyğun reaksiya göstərmələrini tələb edir. Maraqlıdır, dünya birliyi Taliban hakimiyyətini rəsmi olaraq tanıyacaqmı? Azərbaycan, eləcə də türkdilli dövlətlər Taliban hakimiyyətini tanıya, Əfqanıstanla əlaqələr qurmağa çalışacaqlarmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Naqif Həmzəyev “Taliban”ın Əfqanıstanı ələ keçirməsində Rusiya, Pakistan və Çin faktorunun olduğunu deyib:
“Məlum olduğu kimi, uzun illər ABŞ Əfqanıstanda demokratik cəmiyyət yaratmaq uğrunda mübarizə apardı, ordunu maliyyələşdirib küllüi miqdarda vəsait xərclədi. Amma heç gözlənilməz anda ABŞ öz qoşunlarını Əfqanıstandan çıxardı və “Taliban” nəzarəti öz əlinə aldı. “Taliban”ın faktiki olaraq hansı siyasəti yeridəcəyi, kimlər tərəfindən dəstəkləncəyi bəlli deyil.
Digər sual isə terror qruplaşmasının qısa müddətdə Əfqanıstanı ələ keçirməsi ilə bağlıdır. Burada müxtəlif versiyalar var. Düşünülür ki, bu proses birbaşa ABŞ-ın istəyi ilə həyata keçirilib. Çünki ABŞ faktiki olaraq Əfqanıstan ordusuna hava dəstəyi vermədi. İkinci versiyada isə Pakistan və Çin faktrou rol oynayır. Bundan başqa Rusiyanın Əfqanıstandan səfirliyini çıxarmaması və səfirliyin fəaliyyətini davam etdirməsi Rusiyanın burada böyük maraqlar güddüyünü deməyə əsas verir”.
Deputat Əfqanıstanla türkdilli dövlətlərin arasında diplomatik əlaqələrin qurulması üçün Taliban rəhbərliyi ilə Türkiyə prezidenti Ərdoğanın görüşünün baş tutmalı olduğunu deyib:
“Türkiyə prezidentinin ötən gün verdiyi açıqlamada bildirilirdi ki, “Taliban”ın hakimiyyyəti ələ keçirməsində böyük yük Pakistanın üzərinə düşür, söz sahibi Pakistandır. Pakistanın yürüdəcəyi siyasət, götürdüyü məsuliyyət Əfqanıstan İslam Əmirliyinin digər ölkələr tərəfindən tanınması üçün açar rolu oynayacaq. Əgər Pakistan Əfqanıstanda məsuliyyəti üzərinə götürərsə, Türkiyə NATO-nun sözçüsü kimi Əfqanıstanda fəaliyyətini davam etdirəcəksə və “Taliban” rəhbəri ilə Ərdoğan arasında görüş təşkul olunub, razılaşma əldə olunsa o zaman türkdilli dövlətlər Əfqanıstanla diplomatik əlaqələr qura bilər”.