Azərbaycanda məhkəmə qərarlarının icrası üçün elektron hərracların keçirilməsi nəzərdə tutulur.

Korrupsiya.az xəbər verir ki,  bu barədə Ədliyyə nazirinin müavini Azər Cəfərovun sədrliyi ilə keçirilmiş müşavirədə bildirilib.

İclasda nazirliyin müxtəlif sahələrlə bağlı hazırladığı yeni qanun layihələri və qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verilib.

Nazirliyin qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev bildirib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar hərracların elektron qaydada təşkili və keçirilməsi ilə bağlı yeni layihələr hazırlanıb.

Bundan başqa, Azərbaycanda arbitraj institutunun təşviqi məqsədilə UNCİTRAL Model Arbitraj Qanunu nəzərdən keçirilməklə “Beynəlxalq arbitraj haqqında” Qanuna və Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı yeni layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Həmçinin ədalət mühakiməsinin keyfiyyətinin artırılması və məhkəmə icraatının tam elektronlaşdırılması məqsədilə inzibati xətalar haqqında işlər üzrə məhkəmə icraatının və inzibati məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə müvafiq dəyişikliklərə dair qanun layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Paylaş