Sentyabr ayında Bakıda “Sea Breeze” kurort qəsəbəsi ərazisində ticarət mərkəzinin tikintisi başlayacaq.

Korrupsiya.az xəbər verir ki, “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov TASS-a açıqlamasında Sabunçu rayonunun Nardaran qəsəbəsində tikiləcək obyektin açılışının 2022-ci ilin yayına planlaşdırıldığını bildirib.

Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.

Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır.

Yaxın gələcəkdə daimi yaşayış üçün mehmanxana nömrələri olan “Grand Hotel” və “Skyline” apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələr müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

Eyni zamanda, “Polo Residences” yaşayış kompleksinin 16 binasının tikintisi planlaşdırılır. Bundan əlavə, “Sea Breeze”də “Lighthouse” yaşayış kompleksi tikilir: ikinci binanın bu il, üçüncü və dördüncü binaların inşasının 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kvadratmetr olacaq.

İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert yeri daxildir. Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard ABŞ dolları təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması planlaşdırılır. Onun ümumi sahəsi 250 hektara çatacaq, bunun 60 hektarı 2021-ci ildə, digər 60 hektarı 2022-ci ildə tikiləcək.

Paylaş