“Hansısa ictimai iaşə müəssisəsinin qarşısında polis növbə çəkməyəcək. Günün istənilən saatında qəfil yoxlamalar, reydlər keçiriləcək”.

Korrupsiya.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev 1 sentyabrdan etibarən qüvvəyə minəcək qərarlarla bağlı suallara aydınlıq gətirərkən bildirib

DİN rəsmisi deyib ki, yoluxma kəskin artsa da, hökumət sərt qapanmalara getmir:

“Əvəzində vaksinasiya prosesinin sürətlənməsi nəzərdə tutulub. Ona görə də sahibkarlıq subyektləri yalnız COVID-19 pasportu olanların müəssisəyə daxil olmasına icazə verməlidir. Buna zidd hal aşkar edilərsə, həmin vətəndaş müəssisədən çıxarılacaq. Obyekt sahibi barəsində 211-ci maddənin 1-ci hissəsinə əsasən inzibati tənbeh tədbirləri görüləcək”.

E.Hacıyev, həmçinin qeyd edib ki, COVID-19 pasportu hər iki doza peyvəndi qəbul etmiş şəxslərə verilir:

“Sabahdan etibarən hər iki dozanı qəbul etmiş şəxslərin sərbəst hərəkətinə icazə verilir”.

Paylaş