İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümünə sayılı günlər qalıb. Məlumdur ki, sentyabrın 27-i 2020-ci ildə Azərbaycan ordusu ermənilərin təxribatından sonra əks-hücum əməliyyatlarına başladı və işğal altındakı torpaqlarını azad etdi.
Bu baxımdan maraqlıdır, revanşist erməni qruplaşmaları bu ərəfədə hansısa təxribata əl ata bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov ermənilərin 44 günlük müharibədə aldıqları zərbəni uzun müddət unutmayacaqlarını vurğulayıb:
“Bəlkə yüz illər sonra da bu müharibənin ağrı-acısı onların beynindən çıxmayacaq və imkan düşərsə, onun əvəzini çıxmağa çalışacaqlar. Amma Azərbaycan bu imkanı onlara verməmək üçün var qüvvəsi ilə çalışır. Bundan sonra da hərbi, siyasi, diplomatik sahələrdə öz imkanlarını daha da genişləndirəcək. Son dövrlər prezidentin bu sahədə atdığı addımlar bizə narahat olmamağa əsas verir”.
Müsahibimiz ermənilərin müharibənin başlanmasının ildönümü ərəfəsində Azərbaycana qarşı ciddi təxribat törədə biləcəklərini düşünmədiyini bildirib:

“Amma iki ölkə sərhədində kiçik insidentlər istisna deyil. Ermənistanda bəzi qüvvələr çox istərdilər ki, Azərbaycan üçün bu tarixi gündə ciddi siyasi problem yaratsınlar. Amma indiki vəziyyətdə onlar buna cürət etməyəcək. İstənilən halda, Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısının anında almağa hazırdır”.

Paylaş