Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Azərbaycanın gömrük orqanlarının daha bir uğurlu əməliyyatı həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, ölkəmizin cənub sərhədində – Biləsuvar gömrük postunda 527 kq-dan artıq narkotik vasitə – heroin aşkar edilib.
Bundan başqa, bu gün Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən “İnstagram” və digər sosial şəbəkələr vasitəsi ilə narkotiklərin satışı ilə məşğul olan səhifələrin hərtərəfli monitorinqi aparılıb. Nazirlikdən verilən məlumata görə, əməliyyat yolu ilə əldə olunan elektron sübutlar və digər materiallar araşdırılan zaman müəyyən olunub ki, “İnstagram” sosial şəbəkəsində açılan səhifələr vasitəsi ilə narkotik maddələr, əsasən “patı”, “şüşə” adlanan metamfetamin və “kola”, “kakos” adlanan heroinin satışı təşkil olunur.
Cəmiyyətimizi bataqlığa sürükləyən bu hallarla mübarizənin necə aparılması barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli vurğulayıb ki, narkotiklərin satışı bütün dünya ölkələrində geniş yayılıb və problemin qarşısını almaq çox çətindir.
Parlament üzvü diqqətə çatdırıb ki, bəzi qruplar xaricdən gətirilən və ölkədə istehsal edilən narkotik vasitələrdən varlanmaq məqsədi ilə istifadə edirlər:
“Bunun üçün müəyyən şəbəkələr yaradırlar. Müəyyən xarici dövlətlər Azərbaycan cəmiyyətini zəiflətmək, mənəvi cəhətdən sarsıtmaq üçün ölkəmizdə narkotiklərin geniş yayılmasının tərəfdarıdır”.
T.Kərimli qeyd edib ki, çox pul qazanmaq üçün narkotiklərin satışı zamanı yeni metodlardan istifadə olunur:
“Həmin metodlardan biri də sosial şəbəkələrdir. Təəssüf ki, son 10 ildir bu yoldan çox məharətlə istifadə edir, özlərinin koordinasiya mərkəzlərini yarada bilirlər. Dövlətimizin bu sahədə qəti iradəsi var. Ancaq yenə də bu cür hallar cəmiyyətimizdə artır. Son dövrlər təbii yetişdirilən narkotiklərdən başqa, süni narkotik vasitələr də geniş yayılıb.
Bunun qarşısını almaq üçün bəzən dövlət orqanları da çətinlik çəkirlər. Çünki hədsiz dərəcədə asan başa gələn və geniş yayılan narkotik vasitələr var. Bu məsələ cəmiyyətmizdəki ziyalıları, dövlət orqanlarını, deputatları və medianı narahat etməyə bilməz.
Bütün bunlar genefondumuzun sağlamlığına böyük zərbədir. Problemin qarşısını almaqdan ötrü dövlət orqanları səylərini artırmalıdır. Hər gün aidiyyəti qurumlar bu işlə məşğul olanları ifşa edir, amma yenə də belə şəbəkələrin kökünü tamamilə kəsmək mümkün olmur.
Düşünürəm ki, səlahiyyətli orqanların birgə müşavirəsi keçirilməli və belə halların qarşısını tam almaq üçün xüsusi vəzifələr tapşırılmalıdır”.