Bu gündən etibarən ali və və orta ixtisas təhsili müəssisələrində əyani tədris bərpa olunur. Nazirlər Kabinetinin tələbələrdən vaksin pasportu tələb etməsi ilə bağlı yoxlanışlar isə təhsil müəssisələrinin girişində ciddi sıxlıq, izdiham yaranıb.
Bu isə öz növbəsində haqlı narazılığıa səbəb olub və koronavirusa yoluxma sayının artması ilə bağlı narahatlıq yaradır.
Mövcud problemlə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov 250 mindən çox tələbənin bu gün təhsil müəssisəsinə daxil olacağını və bunun üçün tədris müəssisəsinin əvvəlcədən tədirlər görməli olduğunu deyib:
“Təəssüf olsun ki, bəzi ali təhsil müəssisələri prosesi axarına buraxaraq, qabaqlayıcı tədbirlər görməyib. Nazirlər Kabineti və digər təhsil idarəetmə qurumları tədrisin əyani olması ilə bağlı əvvələcədən məlumat vermişdi və vəziyyəti öncədən müəyyən etmək çətin deyildi. Ali təhsil müəssisələrinin 20 mindən yuxarı tələbə qəbul edərəkən pasportu yoxlamaq üçün avadanlığı yoxdur. Problemi həll etmək üçün dünya təcrübəsinə istinad etmək lazım idi”.
Təhsil eksperti ali və orta təhsil ixtisası müəssisələrinin girişində xüsusi kameraların yerləşdirilməsini və dərslərin fərqli saatlarda təşkil edilməli olduğunu bildirib:
“Təklif etmişdik ki, bunun üçün xüsusi proqramtəminatlı avadanlıqlar quraşıdırılmalıdır. Sıxlıq problemi tək bu gün yox, hər gün olacaq. Bu baxımdan biz ali təhsil müəssisələrinə təklif etmişdik ki, fakültə və ixtisaslar üzrə tələbələr təhsil müəssisələrinə fərqli girişlərdən daxil olsunlar. Yəni bir girişdən istifadə etmək ən böyük yanlışdır. Bundan başqa fakültələr üzrə dərs fərqli saatlarda, 20 dəqiqə aralıqla başlamalı idi. Eyni zamanda ali təhsil müəssisələrin girişində üztanıma proqramı tətbiq edilməli, bu cihaza temperaturu yoxlamaq üçün də funskiya əlavə olunmalı idi. Belə olsaydı, hər gün tələbəni yoxlamağa ehtiyac qalmazdı. Lakin təəssüf ki, indi təhsil müəssisələrinin girişində nəzarətçilər əllərində telefon vaksin pasportu yoxlayır. Halbuki TƏBİB üçün proqram bazası var və vaksin olunanların siyahsını bu şəkildə əldə etmək olardı. Təshil müəssisələrinin girişində xüsusi kamera yerləşdirilsəydi, üztanıma ilə kimin vaksin edildiyi bəlli olardı”.