Xəbər verdiyimiz kimi, ötən gün Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.
Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.
Korrupsiya.az hadisə ilə bağlı yeni təfərrütları öyrənmək üçün Ağdaş rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən Xaləddin Şavəddinov ilə əlaqə saxlayıb.
O, bildirib ki, Ülvi İsgəndərov ev tikmək üçün torpaq sahəsi üçün müraciət edib və torpaq sahəsi ilə təmin olunub:
“Bizim o ailə ilə tanışlığımız var. İntihar edən qazinin anası müəllim işləyir, tanıyırıq. İki qardaş idilər. Qardaşı ali təhsillidir, Bakıda işləyir. Atası da Rusiyada çalışıb. Oraya gedib-gəlir. Onlar narahat ailə də deyillər. Qazi bizə həyətyanı torpaq sahəsi üçün müraciət edib. Biz də bələdiyyəyə tövsiyyə etmişik ki, ona müvafiq qaydada torpaq sahəsi ayrılsın. Bələdiyyə də onu ayırıb, hazırda sənədləşmə işi gedir. Başqa bizə müraciəti olmayıb. İndi da araşdırma gedir, araşdrımadan sonra intiharın dəqiq təfərrütları bilinəcək”.
Qeyd edək ki, Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov AZXEBER.COM-a açıqlamasında oğlunun iş tapa bilmədiyini və sosial problemləri olduğunu demişdi:
“Neçə müddətdir ki, işsiz idi. Oğluma iş vermirdilər, müraciət etmədiyi yer qalmamışdı. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə müraciət etmişdi, müraciətimizə baxmadılar. Yəni, iş problem var idi, sonda da belə oldu”.
Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov isə iddialara cavab vermişdi: “Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.