Hakim fraksiya Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü ilə keçiriləcək növbədənkənar iclasını boykot edib.
Korrupsiya.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, dekabrın 15-də Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi planlaşdırılan növbədənkənar iclas keçiriləcək və mövzu ilə bağlı bəyanat layihəsinə baxılacaq.
Bəyanat layihəsini parlamentin sədr müavini İşxan Saqatelyan təqdim edib.
Bildirilir ki, dekabrın 7-də hakim çoxluq layihəyə baxılmasını növbəti plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib. “Vətəndaş müqaviləsi” fraksiyasının lideri Ayk Konjoryan bəyan edib ki, bəyanatın mətni daxili siyasi məzmun daşıyır və şəxsi məqsədlər güdür.
“Onlar (Paşinyan partiyasının nümayəndələri) növbədənkənar iclas çağırmaya bilməzlər, lakin partiya üzvlərinin köhnə ssenari ilə gedəcəkləri və iclasda iştirak etməyəcəkləri ehtimal edilir. Beləliklə, kvorum olmadığı üçün bu, baş tutmayacaq”, – qəzet bildirib.
Qeyd edək ki, Ermənistan müxalifətinin sənədində sərhədlərin referendum yolu ilə müəyyənləşdirilməsi təklif edilir. Qeyd olunur ki, “İrəvanın sovet dövründən müəyyən edilmiş sərhədləri əsas götürmək üzrə beynəlxalq hüquqi öhdəliyi yoxdur”.