Hazırda Azərbaycanda sığorta-pensiya sistemi icbari dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığorta olunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir”.

Bunu Korrupsiya.az a açıqlamasında iqtisadçı deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, bu sistemin beynəlxalq praktikada uğurlu nümunələri olsa da, Azərbaycan reallıqları şəraitində tətbiq edilən variant müsbət cəhətləri ilə yanaşı, xeyli dərəcədə qüsurludur:

“Ona görə sığorta-pensiya sisteminin hazırkı variantı bir sıra cəhətlərinə görə getdikcə daha çox özünü doğrultmayacaq. Bu özünü pensiya yaşı çatmış əhalinin daha çox hissəsinin pensiya almaqdan məhrum edilməsi timsalında qabarıq göstərəcək. Əmək pensiyasının minimum məbləği 240 manata çatdırıldıqdan sonra minimum pensiya kapitalı bu ilin yanvarın 1-dən 28 800 manatdan 34 560 manata qalxıb. Ölkə üzrə orta əmək haqqı 700 manatın üstündə olsa da, median əmək haqqı, yəni, əmək haqqına işləyənlərin yarısının hər ay aldıqları əmək haqqı 343 manatdır. Deməli, bu sistemdə dəyişiliklər edilməsə, əhalinin median əmək haqqı ətrafında əmək haqqı alan hissəsi, xüsusən də regionlarımızda çalışanların xeyli hissəsi minimum pensiya kapitalı toplaya bilməyəcək, 25 illik iş stajı əsasında isə ən yaxşı halda minimum pensiya səviyyəsində pensiya ala biləcək. Azərbaycanda fəaliyyətdə olan sığorta-pensiya sistemində əsaslı islahatlar aparılmasa, getdikcə yaşlı əhalinin daha çox hissəsi, məsələn, 350-400 manatlıq pensiya əvəzinə, 180 manatlıq yaşa görə müavinət almalı olacaq, ən yaxşı halda isə 25 illik iş stajına əsasən 240 manatlıq minimum pensiya alacaq. Bu isə xüsusən regionlarda yoxsulluğun əhatə dairəsini xeyli genişləndirəcək. Bu qüsurları aradan qaldırmaq üçün pensiya sistemində əsaslı islahatlara ehtiyac var”.

Deputat qeyd edib ki, pensiya sistemindəki əsaslı islahatların digər vacib məqamı pensiya yaşı ilə bağlıdır:

“Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu əsasda Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınlar üzrə 63 il olacaq. Yəni, qadınların yaş həddinin 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq 2027-ci ildə 65 yaşa çatdırılması qərarlaşdırılıb. Azərbaycanda kişi və qadınların bir hissəsi pensiya yaşına çatana qədər, bir hissəsi də pensiyaya çıxandan bir neçə il sonra dünyasını dəyişir. Ona görə də Azərbaycanda pensiya yaşının 65 yaş olması orta ömür uzunluğunun real göstəricilərinə adekvat deyil. 2017-ci ildən başlayaraq hər il 6 ay artırılmaqla kişilərin pensiya yaşının 63-dən 65-ə çatdırılması prosesi başa çatıb. İndi də 2027-ci ildək qadınların pensiya yaşı həmin üsulla 65 yaşa çatdırılacaq. Hesab edirik ki, buna ehtiyac yoxdur və qadınların pensiya yaşının bu il çatacağı 63 yaşda dayandırılması daha düzgün variant olardı. Pensiya sistemindəki əsaslı islahatların digər vacib məqamlarından biri də dünya praktikasında məlum olan risk amillərini yetərincə nəzərə almaq və ciddi şəkildə qiymətləndirmək şərtilə özəl pensiya fondlarının formalaşdırılmasıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırmalar aparılır”.

Paylaş