Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda məktub ünvanlayıb.

Korrupsiya.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və qardaş xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın maraqlarına xidmət edən dövlətlərarası əlaqələrimiz ötən otuz il ərzində dinamik inkişaf yolu keçmiş, əməkdaşlığımız həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənmişdir.

Səudiyyə Ərəbistanı bizim üçün vacib tərəfdaş və qardaş ölkədir. Mən qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Eyni zamanda ölkələrimizin beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığını məmnunluqla qeyd edir, qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm.

Azərbaycan xalqı Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirir və bunu qardaşlığımızın bariz ifadəsi kimi qəbul edir.

Bu gün bir sıra sahələrdə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda, o cümlədən OPEC+ formatı çərçivəsində uğurlu iş birliyimiz təqdirəlayiqdir. Bərpaolunan enerji sahəsində əməkdaşlığımızı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanın bu sektorda ən böyük elektrik stansiyası olacaq və ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin investoru və icraçısının məhz qardaş ölkənizin “ACWA Power” şirkətinin olması bizi sevindirir.

Əlahəzrət,

Səudiyyə Ərəbistanına etdiyim səfərlər zamanı mənə göstərilən yüksək diqqət və qonaqpərvərliyi, Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrini genişləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər, Səudiyyə Ərəbistanı Krallığının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Paylaş