Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada görüşəcəklər. Görüş martın 10-da Türkiyənin də iştirakı ilə üçtərəfli formatda baş tutucaq.
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, həm Kiyev, həm də Moskva danışıqlar masasına əyləşməkdə maraqlıdır. Müsahibimiz xatırladıb ki, Türkiyə hələ müharibə başlamazdan əvvəl dəfələrlə vasitəçiliyini təklif etsə də, amma bu, olmamışdı:
“Prezident Rəcəb Tayyib Ərdoğan Üçüncü Dünya müharibəsinə çevrilə biləcək bu hərbi əməliyyatları dayandırsa, təkcə xalqının deyil, planetin qəhrəmanı olacaq. Bu isə onun növbəti prezident seçkilərində qalib gəlməsində ciddi divident rolunu oynayacaq. Şübhəsiz, Ankara həm də regional əməkdaşlıq baxımından savaşın uzanmamasını istəyir. Müharibə davam etsə, Türkiyə tərəf seçmək məcburiyyətində qala bilər ki, bu da Ərdoğan üçün arzuolunan deyil. Çox güman, sabahkı görüş konstruktiv keçəcək. Çavuşoğlu tərəflər arasında razılığın əldə olunmasına çalışacaq. Türkiyəli nazir hər iki həmkarının maraqlarının təmin olunmasına səy göstərəcək”.
Ekspert qeyd edib ki, Putin və Zelenskinin Türkiyə liderinin mövqeyindən imtina etmələri üçün çox ciddi səbəb olmalıdır:
“Sabahkı görüşdə tərəflər şifahi olsa da, müəyyən razılığa gələ bilərlər. Əvvəllər də dediyimiz kimi, bu konsesus Ukraynanın NATO- ya üzvlükdən imtina etməsi qarşılığında Rusiya qoşunlarının ölkədən çıxarılması kontekstində ola bilər. Yəqin ki, görüşdən sonra Ukraynada durum stabilləşəcək. Rusiya ordusu müvəqqəti olsa da, geri çəkiləcək, əməliyyatları dayandıracaq. Rusiya hakim dairəsində, xüsusilə hərbi elitasında islahatlar gözlənilir. Çünki müharibə dayansa, Kreml uğursuzluqla üzləşəcək. Savaşdan qazandığı nəsə olmayacaq”.