Bakıda gənc qız özünü polis bölməsinin qarşısında yandırıb.
azdin.az “Qafqazinfo”ya istinadən xəbər verirhadisə ötən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin qarşısında baş verib. 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) gecə saat 00:10 radələrində bölmənin qarşısına gələrək üzərinə benzin töküb və alışqanla yandırıb. Polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə Respublika Yanıq Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyev sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Bundan sonra sevgilisi bölmənin qarşısına gələrək özünü yandırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.