Bakı Ağır Cinayətlər Məhkəməsində baldızı və onun iki övladını pula görə qətlə yetirməkdə ittiham olunan Əhəd Əliyevin məhkəməsi başlayıb.
Hakim Rahib Salmanovun sədrliyilə keçirilən hazırlıq iclasında təqsiləndirilən şəxs bildirib ki, məhkəmə barədə 3 gün əvvəl bildiriş alıb. Məhkəmə prosesi iyulun 14-nə təxirə salınıb.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində istirak edən, qətlə yetirilən 39 yaşlı Gülnar Qaraxanovanın həyat yoldaşı, 14 yaşlı Lamiyə və 11 yaşlı Ataxan Qaraxanlıların isə atası Fəsahət Qaraxanov bildirib ki, yük avtomobilinin sürücüsü kimi, beynəlxalq yükdaşıma ilə məşğuldur. Bu il fevralın 20-də həyat yoldaşı və övladları qətlə yetiriləndə də o, Rusiyada olub.
Əhəd Əliyev Saatlı rayonunda müəllim işləyib, 2007-2014-cü illərdə məktəb direktoru olub.
Hadisə paytaxtın Nizami rayonu ərazisində, ailənin kirayə yaşadığı mənzildə baş verib. Fəsahət Qaraxanov mediaya müsahibəsində bildirib ki, evdə 25 min manat pul olub. Onlar üstünü də düzəldib ev almaq istəyiblər. Zərərçəkmişin sözlərinə görə, evdə pul olmasından Əhəd Əliyevin də xəbəri olub.
Fəsahət Qaraxanov onu da əlavə edib ki, bacanağının belə bir iş tutacağını ağlına gətirməzdi: “Mənə deyəndə ki, bu işi görən ailəyə yaxın adamdır, bildirdim ki, ola bilməz. Bunun elədiyinə heç inanmazdım. Direktor işləyib, Kərbəla ziyarətində olub”.
Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub