Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun əmri ilə Gülər Azər qızı Paşayeva AMB-nin baş direktoru təyin olunub.
korrupsiya.az ın məlumatına görə, G.Paşayeva 1989-cu ildə Bakı şəhərində anadan olub.
2010-cu ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bakalavr dərəcəsini, 2012-ci ildə həmin universitetin “Kommersiya hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomları ilə, 2021-ci ildə isə Böyük Britaniyanın İdarəetmə üzrə İxtisaslaşmış İnstitutunun (The Chartered Governance Institute) İdarəetmə peşəkarları üçün ixtisaslaşma proqramını bitirib.
Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də “Port Baku” şöbəsinin kassiri vəzifəsilə başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentin Korporativ katiblik şöbəsinin kolleqial orqanlar ilə iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmindepartamentin Hüquq şöbəsinin hüquq məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.
2022-ci ilin iyun ayında Azərbaycan Respublikası Mərkəzi Bankında sədrin müşaviri vəzifəsinə təyin edilib. Bu ilin iyul ayından isə Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir.