Rusiya Çin və Suriya ordusunun da iştirak edəcəyi nəhəng hərbi təlim təşkil edəcəyini açıqlayıb.
Korrupsiya.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada “Vostok 2022” (Şərq 2022) təliminin 1-7 sentyabr tarixlərində Rusiyanın Uzaq Şərq regionu və Yapon dənizi yaxınlığında keçiriləcəyini bildirib.
Açıqlamaya görə, təlimə 50 mindən çox əsgər, 140 döyüş təyyarəsi və 60 döyüş gəmisi qatılacaq. Ən müasir raket sistemlərinin də istifadə olunacağı təlimdə Çin ordusu ilə yanaşı, Suriya, Hindistan, Laos və Monqolustan əsgərləri də iştirak edəcək.
Rusiya xarici işlər nazirinin müavini Aleksandir Fomin təlimin sırf müdafiə məqsədi daşıdığını və heç bir ölkəni hədəf almadığını bildirib.