TƏBİB 13 yaşında ana olan yeniyetmənin və körpəsinin səhhəti ilə bağlı məlumat yayıb.
Qurumdan Korrupsiya.az a verilən məlumata görə, 06.09-2022-ci il tarixində, saat 13:30 radələrində Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.
Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3 600 qramdır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
***09:14
Bakıda 13 yaşlı qız uşaq dünyaya gətirib.
“Unikal” xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:
“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.