Bu gün bir araya gələcək ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacağı gözlənilir. Artıq qlobal birjalar FED-in potensial addımına reaksiya verməkdədirlər”.

Korrupsiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2022-ci ildə dollar 6 səbət valyutaya nisbətən kəskin möhkəmlənib

57.6 faizini avro təşkil edən səbət valyutalar bu ilin geridə qalan aylarında dollara nisbətən ümumilikdə 20.0 faizə yaxın dəyər itiriblər. Ötən həftə dollar ilə kursu bərabərləşən avro yenidən ABŞ pulundan ucuz təklif olunur. Avropa Mərkəzi Bankının son qərarına rəğmən avronun məzənnəsində artımlar müşahidə olunmadı. ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasının müşahidə olunmasına baxmayaraq, FED-in qərarları dolları möhkəmləndirməkdə davam edir”.

Bu qərarların Azərbaycan manatına necə təsir edə biləcəyinə gəlincə, deputat qeyd edib ki, Mərkəzi Bank ilin sonunadək manata təhdidlərin olmadığını bildirib:

“Bununla yanaşı, Mərkəzi Bank tərəfindən mövcud məzənnə siyasəti nəzərə alınmaqla daha uzunmüddətli dövr üçün rəsmi proqnozların elan edilməsi məqsədəuyğun olardı. Bu milli valyutada yığımlar və uzunmüddətli sərmayə qoyluşları, xüsusən də yerli investisiya baxımından vacibdir. Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ticarət tərəfdaşlarımızda milli valyutaların məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.

Bütün bunlarla yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Paylaş