“2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər ən çox ünvanlanan suallardandır. Mərkəzi Bank milli valyutanın məzənnəsinə təhdidlərin olmadığını bəyan edib. Bununla yanaşı, il ərzində qlobal proseslərə, xüsusən də regional dəyişikliklərə reaksiya veriləcəyi də istisna edilmir.”.

“Korrupsiya.az” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda 2022-ci il neft bazarı üçün düşərli olsa da. 2023-cü ilə birjalar heç də yüksək qiymətlə başlamayıb:

“Brent markalı neftin bir barelinin qiyməti 80 dollardan ucuz təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8.0 faizdən çox dəyər itirib. Bu isə neft ixracatçısı olan ölkələrin valyuta gəlirləri baxımından arzuolunan deyil. 2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılma coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı strateji bazarlara təsir edəcək. Böyük Yeddiliyin (G7) Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızıl”ın qiymətində artımları xeyili dərəcədə məhdudlaşdırır.

Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Paylaş