Xalq artisti Niyaməddin Musayev “Dərviş band” qrupunun onun “Dünya sənin, dünya mənim” mahnısını yeni tərzdə oxumasına münasibət bildirib.
“Korrupsiya.az” xəbər verir ki, bu haqda müğənni “Sabaha saxlamayaq” verilişində danışıb:
“Gənclərə dəstək hər bir insanın borcudur. Vaxtı ilə biz də o dəstəyə möhtac olmuşuq. İndi hər şey daha başqa və gözəldir. Xalq tez məlumatlanır və insanlar dəstək olur. Gənc ifaçının nəğməmə müraciət etməsinə gələndə isə: o qrupla tanış olmuşam. Hətta müsabiqədən əvvəl həmin müğənni ilə mahnını birlikdə oxumuşuq. Hətta başqa bir qrupla da bu bəstəni bir yerdə oxumuşuq. Bu musiqiçilərin müraciəti, əlbəttə, mənim üçün xoş olur. Ona görə ki, sənət adamları belədir, əgər onun nəğməsinə yanaşıb, qulaq asırlarsa, bütün dünya elə onun olur. Mən çox sevinirəm. Onlar musiqiyə toxunmayıblar, ifa da öz yerindədir, dəyişməyiblər. Elə aranjiman var ki, özlərindən iş görürlər, mahnının bütün keyfiyyətini öldürürlər. Burada isə yaxşıdır, müasirlik də var, ifa da öz yerindədir. Sosial şəbəkədə yayılıb. Məni kim görür, bunu soruşur. Tək bu mahnı deyil, başqa nəğmələrə də yanaşmalar var”.