Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcova qarşı tədbirlər planlayır. Borc qalmaqalına görə yaranan narazılıq artıq pik həddə çatıb. “Azərbaycan Reallığı” xəbər verir ki, Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə planlaşdırılan tədbirlərdən biri icra başçısının məhkəməyə verilməsidir. 400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub. Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib.
Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır. Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər. 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız 4 milyon manatlıq hissəsini ödəyib. Yerdə qalan 8 milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.
Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub. Hazırda münasibətlər daha gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər.
“Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki tikinti işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda da onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər”, -deyə sahibkarlar vurğulayıb.
Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir: “Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı.
Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil”.
Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq. “Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub. Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək”.
Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin onun sağ əli sayılan Adil Xudadatovun və Gündüz Əliyevi də məhkəməyə verəcəklərini bildirib. Onlar bu işlərdə müavinlərin də böyük rolunun olduğunu iddia edirlər. Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər. Hüquqi müstəvidə haqlarını tələb etməklə yanaşı sahibkarlar və fəhlələr müxtəlif aksiyalar da planlayır. Bu sırada Bakı- Quba yolunun bağlanması da daxildir ki bu aksiyanın böyük rezonans doğuracağı şübhəsizdir.