Bu gün Daxili işlər naziri Vilayət Eyvazovun yubiley tarixidir; 55 yaşı tamam olur. Sözümün canına keçməmişdən əvvəl bəri başdan deyim ki, cənab Eyvazov bu iqtidar komandasının tək-tük üzvlərindəndir ki, onunla nəinki heç vaxt üz-üzə gəlməmişəm, heç telefonla belə danışmamışam. Adamdan nə xahişim keçib, nə də bir manat xeyir görmüşəm. (Bunu bəzi içiqurdlular üçün yazdım).

Bu bir gerçəklikdir ki, bu gün onun rəhbərlik etdiyi struktur -iqtidar cəbhəsindən müsbət mənada nümunə gətirilib, barmaq qatlanıla biləcək çox az saylı nazirliklərinindən biridir. Əlbəttə ki, bütün çatışmamazlıqları ilə birlikdə. Amma fakt odur ki, məhz onun DİN-ə rəhbər təyinatından sonra nazirlikdə sözün əsl mənasında islahatlar nəzərə çarpdı. Çox uzadıb vaxtınızı almayacam. Elə bilirəm ki, bir-iki misal gətirsəm bəs edər.***

Məhz Eyvazovun gəlişindən sonra polis orqanlarında uzun illərdən bəri hökm sürən “özündənrazılıq”, saymamazlıq aradan götürüldü. Artıq polisin dilindən “ə, get kimə deyirsən de” kəlməsini eşitmirik. Mətbuatda və sosial şəbəkələrdə polis işçilərinin rüşvət və ya hər hansısa qanuna zidd əməli paylaşılırsa, qısa müddətdə həmin şəxs haqda ciddi ölçü götürülür. Bunu qanunu pozan ayrı-ayrı vətəndaşlara münasibətdə də görürük. Yeri gəlmişkən bir məqamı da qeyd edim. Bu gün tam məsuliyyətlə demək olar ki, DİN-in mətbuat , o cümlədən “102 xidməti” ölkənin ən operativ, əl çatan, nümunəvi bir qürumudur. Bir sıra nazirliklərin mətbuat xidmətinə rəhbərlik edən şəxslərin özlərini nazirlərindən daha ədalı aparması fonunda bunu qeyd etməyi lazım bilirəm. Bu da təbii ki, cənab nazirin xidmətidVilayət Eyvazovun ən böyük xidməti isə (uzun illərdən sonra) bu gün vətəndaşların polis sıralarına heç bir tapşırıq və rüşvət olmadan qəbul edilməsidir. Cənab nazir il boyu regionları şəxsən gəzir və müvafiq normativləri yerinə yetirə bilmiş gəncləri işə qəbul edir. Bu zaman şəhid övladları və qazilərə üstünlük verilməsi də alqışalayiq bir haldır. Artıq Azərbaycan polisi sıralarında alçaqboylu, yekəqarın əməkdaşlara rast gəlmək mümkün deyil. Bu səfərləri zamanı cənab nazir həm də yerli əhalinin nümayəndələrini şəxsən qəbul edir, onların şikayət və müraciətlərini dinləyir, bununla bağlı müvafiq tapşırıqlarını verir. Mən demirəm ki, bu gün polis sistemində hər şey idealdır. Xeyr, hələ görüləsi çox işlər var. Ən əsası bu istiqamətdə irəliləyişlərin daim davam etməsidir.***

Yazının əvvəlində də qeyd etdim ki, mənim Vilayət Eyvazova heç bir bağlantım yoxdur. Sadəcə mən onu bu günkü iqtidarın ən işgüzar, peşəkar və reputasiyası təmiz kadrlarından biri hesab edirəm. Hər halda böyük əksəriyyətdən fərqli olaraq adamın nə özü, nə ailəsi, nə də yaxın-uzaq qohum-əqrəbası haqda indiyədək hansısa bir neqativ söz – söhbət eşidilməyib. Ona görə də mən Vilayət Eyvazovu cənab Prezidentin ən sədaqətli və parlaq kadrlarından biri hesab edirəm. Yubiley yaşınız və bayramınız mübarək cənab GENERAL.. Etibar Hüseynov

Paylaş