Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2022-ci ildə üçtərəfli bəyanatında deyildiyi kimi, iki qardaş xalqın barışıq prosesi humanitar sahəni də əhatə etməlidir.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Azərbaycan və Ermənistan icmaları, ekspert icmalarının nümayəndələri, ruhani liderlər arasında Rusiyanın dəstəyi ilə dialoqun davam etdirilməsi üçün müsbət ab-havanın formalaşdırılması, habelə iki ölkənin xalqları arasında etimadın möhkəmləndirilməsi məqsədilə parlamentlərarası təmasların həyata keçirilməsi vacibdir. Ermənistan-Azərbaycan nizamlanması asan deyil, lakin sülhün alternativi yoxdur. Dünən Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bununla bağlı məsələlər müzakirə olunub. Ümid edirik ki, bu təmaslar yaxın vaxtlarda baş tutacaq”, – deyə o qeyd edib.