Masallı Rayon Məhkəməsində fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən A.A.-nın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Korrupsiya.az ın əldə etdiyi məlumata görə, hakim Ceyhun Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 600 saat ictimai işləri cəzası təyin edilib.

İttihama görə, A.A. gəlir əldə etmək məqsədilə 25 avqust 2022-ci il tarixdə, saat 13 radələrində inzibatçı işlədiyi Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Gölüstü” istirahət mərkəzinə müştəri qismində gələn və əvvəllər tanımadığı V.V.-yə cinsi əlaqədə olmaq üçün yüngül həyat tərzi keçirən qadın təşkil edəcəyinə və həmin qadınla cinsi əlaqədə olması üçün otaq verəcəyi barədə əvvəlcədən vəd verib. O, kirayə olaraq verdiyi otağa görə, həmin şəxsdən 20 manat pul aldıqdan sonra, əvvəllər tanıdığı zərərçəkmiş M.M. ilə telefonla əlaqə saxlayıb. A.A. qadına müştəri olduğunu və həmin şəxslə cinsi əlaqədə olması barədə bildirib və onu istirahət mərkəzinə dəvət edib. Beləliklə, A.A. gəlir əldə etmək məqsədilə qadını fahişəliyə cəlb edib və həmin gün saat 14 radələrində istirahət mərkəzinin içərisində yataq dəsti, yuyunmaq üçün xüsusi şəraiti olan otaq, yəni mənzil sahəsini fahişəliklə məşğul olmaq məqsədi ilə əxlaqsızlıq yuvası təşkil edib.

Paylaş