“Fire Land Production”ın rəhbəri, AYB üzvü, nəğməkar-şair Cəlal Qurbanov Xalq şairi Rasim Balayevlə bağlı maraqlı paylaşım edib.
Korrupsiya.az xəbər verir ki, Cəlal Qurbanov sözləri özünəməxsus şeiri Rasim Balayevin ifasında paylaşıb.
Nəğməkar şair qeyd edib: “Qələbəmizdən düz 1 il öncə bu mahnını layihə şəklində ərsəyə gətirəndə möhtəşəm Zəfər tariximizin yazılacağından xəbərsiz idik. Sənət adamları söylədikləri sətirlərə qəlblərindəki arzunu da əlavə edərək oxuyurdular. Xalq artisti Rasim Balayev isə Vətən mövzusunda təşkil edilən hər tədbirə sağlamlıq vəziyyətindən aslı olmadan ürəkdən qatılırdı.
Onun Azərbaycana çağırışı alqış kimi səslənirdi. Və eyni sözləri Şuşa qalasının qarşısından söyləyə bilməyin qürurunu gözlərindəki işıqda hiss etdirirdi. Rasim Balayev kino sahəsində qazanılmış bir dəyərdir. O, təkcə canlı korifey deyil, həm də böyük ürəyi olan vətənpərvərdir. Yalnız Vətənini həqiqi sevən insan ölkəsinin uğurlarına kölgə salmaz, xilaskarına qəhrəman kimi qibtə edər, tənqidin və problemləri dilə gətirməyin yerini və zamanını bilər. Bəli, o cənab Prezidentə xalq sevgisini dilə gətirəndə həqiqətləri bütün səmimiyyəti ilə ifadə etməyə çalışırdı. Xalqının Babəkdən, Cavanşirdən sonra əfsanəvi deyil, yeni, gerçək və tarixi qəhrəmanının olduğuna vurğu edirdi. Heç bir qərəzli mövqe tarixin gerçəklərini silə bilməz. Üstəlik baş verənlərin gizlədilməsinin mümkün olmadığı müasir texnologiya dövründə…”.
O vurğulayıb ki, vətənsevər insan öz qəhrəmanını yaxşı tanıyır: “Ali Baş Komandan müasir tariximizə Zəfər möhürünü vurmuş fenomenal siyasətçi və sərkərdədir. Rasim Balayev onun sənətinin dəyərini bilən tarixi şəxsiyyətə sadəcə xalqının ürəyindən gələn həqiqətləri bildirdi.
Qalib və qələbə, sənət və onun dühası göz qabağındadır. Bu görüş qəlbimizə məlhəm kimi yayılan, Babəklə yeni tariximizin qəhrəmanının görüşü idi.
Allah hər ikisini Azərbaycana çox görməsin!
Nə olursa olsun, heç kimin, heç bir qüvvənin içimizdəki Vətən sevgisi və dövlətimizə olan etimadımıza, birliyimizə kölgə salmağa gücü yetməz!”