Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

“Korrupsiya.az” xəbər verir ki, zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü

Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102″ Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Paylaş